çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

20 Yanvar – əsarətin son gecəsi...

Image


Hər bir xalqın hansı dərəcədə milli birliyə, milli iradəyə və milli özünüdərkə malik olması məhz onun üzləşdiyi ən çətin anlarda mövcud proseslərə və çağırışlara  ümumxalq reaksiyasında özünü göstərir. 26 il əvvəl üzləşdiyimiz belə bir məqamda xalqımızın mübarizlik əzminin təzahürü, təzyiqlərə boyun əyməyən əzmkar iradə nümayiş etdirməsi  tariximizə yeni bir mübarizə səhifəsi yazdı - Qanlı Yanvar səhifəsi. 

20 Yanvar yaxın keçmışımizdə yaşamış olduğumuz ən faciəvi günlərdən biri olsa da, xalqımızın yaddaşına həm də qəhrəmanlıq tarixi kimi həkk olundu. Faciənin törədilməsindən keçən 26 il ərzində bu hadisəni doğuran səbəblərin, onun hüquqi, ictimai-siyasi, psixoloji nəticələrinin araşdırılması, öyrənilməsi və öyrədilməsi artıq ənənəyə çevrilmiş bir sualla müşayiət olunur: 20 Yanvara gedən yol nədən və haradan başlandı? Cavabında isə  hadisələrin şahidləri 20 Yanvar ərəfəsindəki son ayın, uzağı bir neçə ayın hadisələrini bir-bir xatırlayır və onların arasında faciəyə yol açan səbəbləri və səhvləri araşdırıb tapmağa çalışırlar. Mübahisələr bəzən bir-birimizi qınamağa qədər, hətta günahlandırmağa qədər uzanır. Bir ifratçılıqdan digər ifratçılığa qədər müxtəlifləşən mülahizələr yalnız  bir fikirdə yekdil olur: belə sonluğu heç kim gözləmirdi. Bəli, doğrudan da o zaman şox az adam inana bilərdi ki, dövlət öz vətəndaşına, dinc vətəndaşına belə divan tuta bilər.Yəqin ona görə ki, biz Xeyirlə Şərin mübarizəsinin, nağıllarda olduğu kimi, həmişə Xeyrin qələbəsi ilə bitməsinə inanmaq dərəcəsində sadəlövhük. Amma bəzən Şər də qalib gəlir, qısa müddətə olsa da. 20 Yanvar məhz Şərin Xeyrə qalib gəldiyi bir an idi – qısa bir an. Bu Şərin gəldiyi yol isə bir aylıq, iki aylıq yol deyildi. Bu çox uzaqdan gələn bir yoldu. Bu yol 1814-cü ilin “Türkmənçay”ından gəlir, bu yol 1828-ci ilin “Gülüstan”ından  keçir. Nəhayət, bu yolun bizə ən yaxın döngəsi 1920-ci ilin 28 aprelindən başlamışdı. 30-cu illərin qaranlıq dolanbaclarından, 40-cı illərin ağrı-acılarından, 50-60-cı illərin ağır məhrumiyyətlərindən keçib gəlmişdik 20 Yanvara. Bütün bunlar çox uzun və çox üzüntülü bir hekayədir -azadlıqsevər bir məmləkətin,  insanpərvər bir millətin, məğrur bir xalqın əsarət hekayəsidir. 20 Yanvar isə bu hekayənin son fəslidir. Bu fəsildə də qarşımıza Şər çıxmışdı. Növbəti dəfə düşmənlərimizin hiyləsi ilə bizi təhdid edən namərd qonşularımız vətən torpaqlarımıza göz dikmişdilər. Ölkəmizin ərazi bütövlüyünə qarşı aparılan məkrli fəaliyyətlər, riyakar qəsdlər, SSRİ rəhbərliyi tərəfindən açıq-aşkar yürüdülən düşmənçilik siyasəti xalqımıza artıq imperiya boyunduruğunda yaşamağın daha ağır fəlakətlərə yol aça biləcəyini anlatmaqdaydı. Xüsusən, 1988-ci ilin martında Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti tərəfindən dolayısı ilə Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılmasına yönəlmiş  “Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında” Qərarın qəbul edilməsi və 1989-cu ilin yanvarında SSRİ Ali Soveti Rəyasət Heyətinin “Dağlıq Qarabağda Xüsusi İdarəetmə Forması yaratmaq haqqında” Fərmanı ölkəmizin ərazi bütövlüyünün pozulmasına qarşı ermənilər tərəfindən planlı şəkildə icra olunan tədbirlərin birbaşa imperiya rəhbərliyi tərəfindən dəstəkləndiyini göstərirdi.

Bütün bunlarla eyni zamanda Ermənistan  ərazisində yaşayan azərbaycanlıların öz tarixi torpaqlarından qovularaq çıxarılması və buna SSRİ rəhbərliyi tərəfindən göstərilən “görməzlik” soydaşlarımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin məhz İttifaqın “yardımı və strategiyası” ilə baş tutmasına heç bir şübhə yeri qoymurdu. Azərbaycan SSR rəhbərliyinin isə baş verən proseslərə, sanki heç bir şey olmamış kimi, seyrçi münasibət göstərməsi, özünü “bilməzliyə” və “eşitməzliyə” vurması, ümummilli maraqların müdafiəsi yolunda heç bir əməli addımın atılmaması xalqın əsəblərini tarıma çəkmiş, onun səbr kasasını doldurmuşdu. Mübarizə meydanında tək qaldığını  görən Azərbaycan xalqının səfərbər olmaqdan başqa çarəsi yox idi. Bütün ümidlər haqsızlığa qarşı həmişə öz etiraz səsini ucaltmağı bacaran, öz tarixi yurdunu düşmənlərdən qanı bahasına  qorumağa hər zaman hazır olan və monolit gücünü öz milli varlığında hiss edən Azərbaycan Xalqına idi. Azərbaycanlılara qarşı məqsədli şəkildə həyata keçirilən bu fitnəkar siyasət öz hüquqları və ərazi bütövlüyü uğrunda meydanlara atılmış həmvətənlərimizin ürəklərində azadlıq yanğısını daha da alovlandırmışdı. Artıq xalq mövcud olduğu bütün müddətdə sovet imperiyasının yürütdüyü repressiv siyasəti öz tarixinə və milli mənliyinə vurulmuş bir ləkə kimi görürdü. Azadlıq eşqi ilə yanan vətən övladları bu ləkəni öz qanları bahasına da olsa yumağa hazır idilər.

O zaman xalqı etiraz səsini ucaltmağa vadar edən çox sayda obyektiv səbəblər mövcud idi. Mərkəzi hökümət tərəfindən milli mənafeyimizə zidd siyasətin yürüdülməsi, bu siyasətin qarşısının alınması üçün ölkə rəhbərliyi tərəfindən heç bir tədbir görülməməsi xalqla hakimiyyət arasında yaranmış uçurumu daha da dərinləşdirməklə kütləvi etiraz dalğasının baş qaldırmasına rəvac vermişdi. Belə bir məqamda insanların haqlı etirazlarını dinləmək, mövcud problemlərin siyasi yolla həll edilməsinə yönəlmiş addımlar atmaq əvəzinə, imperiyanın öz ənənəsinə sadiq qalaraq zora əl atması – onun antihumanist təbiətini və ən iyrənc yollarla belə həyata keçirməyə hər an hazır olduğu imperialist siyasətini tam aydınlığı ilə ifşa etmiş oldu. Meydanlara öz haqq səsini ucaltmaq, milli heysiyyətini və milli mənliyini qorumaq əzmi ilə çıxan fədakar vətən övladları bütün gözlənilməzliklərə hazır idilər. Amma hələ də heç kim bu gözlənilməzlikləri gözləmirdi. Çünki sovet rəhbərliyinin 70 il bir dam altında yaşadığı öz vətəndaşlarına qarşı bu qədər qəddarlıq nümayiş etdirəcəyi ağlasığmaz görünürdü. Ölməz şairimiz Bəxtiyar Vahabzadənin dediyi kimi: “Axı, heç kəsin ağlına gələ bilməzdi ki, qəlbi Vətən hissi ilə çırpınan, əli silahsız, özü günahsız olan bu atalar, analar, balalar özünü dost kimi, qardaş kimi qələmə verən bir ordunun əlilə qətlə yetirilsin”. Lakin inanmaq istədiyimiz xoş sonluqlu ehtimal özünü doğrultmadı. Soyuq 20 yanvar səhəri açılmağa macal tapmamış  bəşər tarixinin insanlığa sığmayan ən faciəvi hadisələrindən biri– Bakı küçələrində dinc nümayişçilərin gülləbaranı baş verdi: Azərbaycana nəyin bahasına olurasa-olsun milli mücadiləni boğmaq və yatırtmaq məqsədi ilə yeridilən rus qoşunları Bakıda və respublikanın müxtəlif rayonlarında 131 nəfər mülki şəxsi küçələrdə, evlərində, avtomobillərində, iş yerlərində qətlə yetirdi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu.

O müdhiş gecənin aydınlığa dönməsi Bakının ürək ağrıdan dəhşətli mənzərəsinə işıq saldı. Xalq düşmən tankının tırtılları altında parçalanmış, sinələri düşmən güllələrindən deşik-deşik olmuş övladlarını qan gölündə tapdı. Bu - Azadlığın bərpasına gedən yolda ilk şəhidlərin verildiyi 20 Yanvar səhəri idi.

Nə qədər hüznlü və acı olsa da, xalq öz qəhrəman övladlarını son mənzilə yola salmağa özündə güc tapdı. Haqq, azadlıq yolunda şəhidlik zirvəsinə ucalmaq nə qədər şərəfli idisə, düşmən silahının nişangahında Vətənin şəhidlərini layiqincə son mənzilə yola salmaq da bir o qədər namus və şərəf məsələsi idi. Xalq sarsılmadı, əyilmədi, qorxmadı. Qanlı faciənin qurbanları azadlığı uğrunda can verdiyi Vətən torpağına yüzminlərin çiyinlərində daşındılar və Müqəddəs torpaqda əbədiyyətə qovuşdular.  Bu müqəddəs torpaq hələ əsrin əvvəllərində  - 1918-1920-ci illərdə Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canını qurban vermiş soydaşlarımızı öz qoynuna almışdı. Hələ o zaman xalqın istiqlalı uğrunda şəhid olmuş azadlıq carçılarının dəfn edildiyi Şəhidlər Xiyabanı bu dəfə də eyni amal uğrunda mübarizəyə qalxmış qəhrəman oğullarını öz bağrına basırdı. O qəhrəman oğulları ki, ucaldıqları məbəddən əbədi və dönməz olan istiqlaliyyət yolumuza  hər zaman şəfəq saçır. O günə qədər yəqin heç kimin ağlına gəlməzdi ki, Azərbaycanda bu qədər qərənfil var! Sanki o qərənfillər “öz ayaqları ilə” şəhidlərin qəbri üstünə sərilməyə gəlmişdilər. Şəhidlərin məzarları üzərinə sərilmiş milyonlarla qərənfil onların 20 yanvar gecəsində Vətən torpağına axıdılan al qanını xatırladırdı...

Həmin günün mənzərəsi faciəvi olduğu qədər də möhtəşəmdir. Azadlığımızın bərpası yolunda ilk şəhidlərin verildiyi Qanlı Yanvar gecəsi cəsarətin, fədakarlığın, milli məfkurənin dönməz oyanışının əyani təcəssümü idi. Baş verən hadisələr xalqımızın azadlıq arzusunun, müstəqillik idealının 70 il davam edən sovet hərb maşınının repressiyasına rəğmən sönmədiyini, əksinə, yeni güc qazandığını bir daha nümayiş etdirdi. Bununla, Azərbaycan xalqı zülmə, ədalətsizliyə və zorakılığa boyun əyməyəcəyini, milli iradəsinin sarsılmazlığını təkcə imperiya rəhbərliyinə deyil, bütün dünyaya göstərdi və özünün milli azadlığı uğrunda mübarizəsinin dönməz olduğuna şübhə yeri qoymadı. Qəhrəmanlıqla dolu keçmişi, dövlətçiliklik ənənəsi olan, böyük bir coğrafiyada dövlətlər yaratmış, zaman-zaman yadellilərə qarşı səfərbər olub birgə mübarizə aparmış, dünya mədəniyyət xəzinəsinə öz dəst-xətti ilə dəyərli  töhfələr vermiş bir millət uzun müddət əsarət altında yaşaya bilərdimi? Öz keçmişindən sanki qan damarları ilə axıb gələn  vətən sevgisi, milli özünüdərk, zülmə, ədalətsizliyə boyun əyməmək kimi  hisslərə malik olan bir xalq öz çiyinlərində bu əsarətin ağırlığını, ağrı-acısını çoxmu çəkəcəkdi? İyirminci əsrin əvvəllərində öz tarixi dövlətçilik ənənələrinə dayanaraq Şərqdə ilk demokratik dövlət quran bir xalq qısa zaman kəsiyindən sonra yenidən imperiya caynağına düşməsini uzun müddət necə qəbul edə bilərdi?! 20 yanvar faciəsi, sözün əsl mənasında, xalqımızın milli özünüdərkində yeni bir mərhələnin başlanğıcı oldu. Xalq öz qərarını verdi: Yolumuz –Azadlıqdır!

Siyasi və iqtisadi böhranlar məngənəsində boğulan və boğulduqca daha da azğınlaşan, 70 il özünə bayraq etdiyi kommunizm ideyalarının iflası artıq heç kimdə şübhə doğurmayan və  dayaqları silkələnməyə başlayan Sovet imperiyası  bu hadisəni törətməklə nəyə nail olmaq istəyirdi? Tarixin səhnəsindən birdəfəlik silinmək ərəfəsində imperiyanın ucqar bir ölkəsində əvvəlcədən qurulmuş plan əsasıında dinc nümayişçilərin gülləbaran edilməsinə qərar verənlər nəyə ümid edirdilər? Az sonra – imperiya çökəndən sonra aydın olacaqdı ki, bu qərarı verənlərin və bu faciəni törədənlərin özlərinin də bu suallara cavabı yox imiş. Baş verənlər isə Azərbaycan xalqının milli  mübarizə əzmini və iradəsini sındıra bilmədi. Əksinə, 20 yanvar hadisəsi öz qanunauyğun məntiqi və zəncirvari təsiri ilə bütün imperiya ərazisində milli azadlıq hərəkatlarının yenidən  daha böyük vüsətlə alovlanmasına və Sovet İttifaqının süqutunun daha da sürətlənməsinə rəvac verdi. Bu hadisə Sovet İmperiyası üçün “sonun başlanğıcı” oldu. Bu faciənin baş verməsinə qədər ölkədə mövcud problemlərin, baş qaldırmış etirazların siyasi yolla həll olunacağına ümidlər hələ də qalmaqda idi. Lakin bir nəslin yaşaya biləcəyi qədər ömür yaşamış imperiya özü ilə həmyaşıd olan vətəndaş nəslinin böyüklü-kiçikli hamısına atəş açmaqla bu ümidləri tamamilə al-üst etdi. O zamana qədər hələ də Azərbaycanın müstəqilliyinə müəyyən qədər skeptik yanaşanlar da bu hadisənin baş verməsi ilə artıq imperiya boyunduruğunda yaşamağın qeyri-mümkünlüyünü dərk etdilər və milli azadlıq hərəkatının aktiv iştirakçılarına çevrildilər. Bu faciəvi olay onilliklər ərzində insanlara sırınan “humanist” əsaslı kommunizm ideologiyasının puçluğunu sübut etdi və məhz bu hadisədən sonra kommunist partiyasından kütləvi istefalar, cəmiyyətin bütün təbəqələri tərəfindən müxtəlif formalarda ifadə olunan etirazlar İttifaqın hər yerini bürüdü və onun dayaqlarını sarsıtdı. Həmin ərəfədə SSRİ-nin bir çox respublikalarında İttifaq əleyhinə etirazlar baş qaldırmışdı. Gürcüstan və Baltikyanı ölkələrdə də hərbi qoşun hissələri tərəfindən dinc nümayişçilərə qarşı silah tətbiq olunmuşdu. Lakin Azərbaycanda baş qaldıran etirazlara qarşı törədilmiş 20 yanvar hadisəsi öz qəddarlığı, misli görünməmiş vəhşiliyi və dağıdıcı miqyası ilə əvvəlki olaylardan çox fərqlənirdi. Xüsusi qəddarlıqla müşayiət olunan kütləvi qətliam aktının həyata keçirildiyi müddətdə SSRİ müdafiə naziri Dmitri Yazovun, daxili işlər naziri Vadim Bakatinin və digər yüksək rütbəli hərbçilərin Bakıda olması bu qanlı cinayət əməlinin əvvəlcədən planlaşdırılmış olduğunu göstərirdi. İmperiyanın hərbi qoşun hissələrinin fövqəladə vəziyyət elan edilmədən Bakıya yeridilməsi həm ölkə qanunvericiliyinin, həm də beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması demək idi. “Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında” SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı yalnız qanlı cinayət hadisəsi törədildikdən sonra elan edilmişdi. Görünür, imperiya rəhbərliyinin xalqımıza qarşı qəzəb hissi o qədər güclü və hərbi təcavüz həyata keçirmək niyyəti o qədər qəti idi ki, törətdiyi qeyri-insanlıq aktına əvvəlcədən “hüquqi don” geyindirməyə belə ehtiyac duymamışdı. Baş verəcək hadisələrin və faciənin miqyası barədə məlumatların geniş xalq kütləsinə çatdırılmasının qarşısını almaq məqsədi ilə Azərbaycan televiziyasının enerji blokunun partladılması da qanlı cinayət əməlinin əvvəlcədən müəyyən edilmiş plan əsasında həyata keçirildiyini bir daha göstərir. Bununla Respublika televiziyası və radiosunun verilişləri tamamilə kəsilmiş və bütün ölkə ərazisində informasiyasızlıq mühiti yaradılmışdı. Ancaq həmişə millətləri qaranlıqda və məlumatsızlıqda idarə etməyə alışmış düşmənlərimiz bilmirdilər ki, bu zaman insanların səsini bir-birinə çatdıran, o səsləri Xalqın Səsinə çevirən yenilməz bir qüvvə vardı bu millətin canında – Azadlıq sevgisi! Bu sevgini boğmağa isə heç bir Yumruğun  gücü çatmayacaqdı!.. İmperiyanın zor gücünə söykənmiş siyasəti ilə Azərbaycan xalqının  məğrurluğu və qırılmaz iradəsi qarşılaşarkən, hansı tərəfin məğlubiyyətə düçar olacağı əvvəlcədən aydın idi. Sadəcə, Mixail Qorbaçov  və onun ətrafındakı cinayətkarlar bunu anlaya bilməzdilər. Yarandığı gündən etibarən xalqımıza qarşı qərəzli siyasət yürüdən sovet imperiyası belə bir qəddarlıq aktı ilə özünün  düşmənçilik “ənənəsindən” əl çəkmədiyini bir daha göstərdi. Qorbaçov başda olmaqla, İttifaqın bütün vəzifəli şəxslərinin ciddi heç nə olmamış kimi davranmaları, törətdikləri qanlı cinayəti ört-basdır etmək cəhdləri Azərbaycan xalqına qarşı olan qərəzin və nifrətin açıq təzahürü idi. Azərbaycan SSR rəhbərliyinin qanlı olay barədə bəyanat belə verməməsi, belə bir çətin anda xalqın dərdinə şərik çıxmaması xüsusilə təəssüf doğuran məqam idi. “Xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə Azərbaycan SSR Ali Sovetinin 1990-cı il yanvarın 22-də Yanvar faciəsi ilə bağlı çağırılmış sessiyasına respublikanın bir sıra siyasi və dövlət rəhbərlərinin gəlməməsi isə onların xalqın taleyinə biganə qaldıqlarını, törədilmiş cinayətdə bu və ya digər dərəcədə iştirak etdiklərini bir daha təsdiq etmişdir. Respublika rəhbərliyi hətta şəhidlərin dəfn mərasiminə gəlməyi belə lazım bilməmişdi” (20 Yanvar faciəsinin 10-cu ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanından, 16 dekabr 1999, № 228). Bu fakt bir daha hakimiyyətlə xalq arasında o zaman dərin uçurumun yarandığını və hakimiyyətdə təmsil olunan şəxslərin xalqın iradəsini ifadə etmək iqtidarında olmadığını göstərirdi.

Qanlı yanvar faciəsindən sonra bu hadisəyə verilən reaksiyalar və ya ümumiyyətlə hadisəyə münasibət bildirilməməsi kimin kim olduğunu və kimin hansı  məqsədə xidmət etdiyini tam aydınlığı ilə göstərdi. Xalqın taleyüklü bir anında ümummilli lider Heydər Əliyevin  ən faciəvi günlərindən birini yaşayan Azərbaycan xalqının acısına şərik çıxması – onun öz xalqına olan  sonsuz məhəbbətinin ifadəsi idi. Sovet qoşunlarının Bakıda törətdiyi qanlı hadisə ilə bağlı elə ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək öz xalqına başsağlığı diləyən Heydər Əliyev xüsusi qəddarlıqla törədilmiş cinayətin təşkilatçılarını və icraçılarını cəsarətlə ittiham etdi və onların cəzalandırılmasını tələb etdi. Bu qanlı faciənin önlənə bilməsi üçün bütün imkanların mövcud olduğu bir şəraitdə belə bir qeyri-insani hadisənin törədilməsini kökündən yanlış addım kimi qiymətləndirən Heydər Əliyev bu cür yollarla Azərbaycan xalqının iradəsini qırmağın mümkün olmadığını və olmayacağını açıq şəkildə bəyan etdi. Bütün təhlükələrə baxmayaraq, xalqımıza qarşı törədilmiş qanlı faciənin əsl səbəbkarlarının elə həmin gün  imperiyanın mərkəzindən bütün dünyaya bəyan edilməsi –xalqımızın üzləşdiyi ən çətin məqamlarda Heydər Əliyevin ümummilli mövqedən çıxış etmək cəsarətini, onun təkcə xalqın qələbələrinin deyil, həm də dərdinin önündə dayandığını bir daha sübut etdi.

Cinayətin törədildiyi vaxtdan keçən bir neçə il ərzində 20 yanvar hadisələrinə lazımi siyasi-hüquqi qiymətin verilməməsi də vacib məsələlərdən biri idi. Mövcudluğunun mahiyyətində zorakılıq və hegemonluq daşıyan imperiyanın onun rəhbərliyi tərəfindən verilən göstəriş əsasında baş vermiş bəşəri cinayətə hüquqi qiymət verə biləcək qədər səmimiyyətə və iradəyə malik olmadığı əvvəlcədən  məlum idi. Ona görə də 1990-cı ilin dekabrında SSRİ Baş hərbi prokurorluğunun hərbi qulluqçuların 20 yanvarda Bakıda baş vermiş hadisələrlə bağlı əməllərində cinayət tərkibi görməyərək işə xitam verməsi heç kimi təəccübləndirməmişdi. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi tərəfindən faciəli olayların araşdırılması ilə bağlı yaradılmış İstintaq komissiyasının fəaliyyətinin heç bir nəticə və heç bir əsas olmadan dayandırılması isə təəccüb  doğurmaya bilməzdi. Bu o zamankı ölkə rəhbərliyinin baş vermiş qanlı faciəyə siyasi-hüquqi qiymət verə bilmək iqtidarında olmadığını nümayiş etdirirdi. Təəssüf ki, daha sonra 1992-ci ilin 19 yanvarında qəbul edilmiş “1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə qoşunların yeridilməsi ilə əlaqədar faciəli hadisələrin təfsilatının və səbəblərinin təhqiqi üzrə Azərbaycan Respublikası Ali Soveti komissiyasının işinin yekunlarına dair” Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının Qərarında da ölkənin ali qanunverici orqanının qeyd olunan komissiyanın fəaliyyətinin qənaətbəxş olması ilə kifayətlənməsi, qanlı hadisənin sifarişçiləri və icraçılarının göstərilməməsi Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan 20 Yanvar faciəsinə ciddiyyətinə və əhəmiyyətinə görə qiymət verilmədiyini bir daha təsdiqlədi.

20 yanvar hadisələrinin təkcə xalqımıza qarşı deyil, bütün insanlığa qarşı cinayət olduğunu sübut etmək, faciə qurbanlarının hüquqlarının müdafiəsini təmin etmək, axıdılmış günahsız qanların baiskarlarının cəzalandırılması üçün siyasi, hüquqi zəmin formalaşdırmaq olduqca önəmli məsələ idi. Məhz buna görə Prezident Heydər Əliyevin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 5 yanvar 1994-cü il tarixli Fərmanında Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası tərəfindən 1992-ci ildə qəbul olunmuş müvafiq Qərarda yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığı və həqiqi günahkarların aşkar edilmədiyi nəzərə çatdırıldı və Azərbaycan Respublikasının Milli Məclisinə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi və bu məqsədlə Milli Məclisin xüsusi sessiyasının keçirilməsi  tövsiyə edildi.

Beləliklə, 1994-cü ilin martında Azərbaycan Respublikasının Milli Məclisi 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi haqqında xüsusi Qərar qəbul etdi. Bu Qərarın qəbul edilməsinin əhəmiyyəti ondan ibarət idi ki, haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və hərbi cinayət kimi qiymətləndirildi, qanlı faciənin sifarişçiləri və icraçıları açıq şəkildə bəyan edildi və bu cinayətin istintaqını həyata keçirən hüquq-mühafizə orqanlarının fəaliyyətinin qənaətbəxş olmadığı bildirildi. Bununla da, nəhayət ki,qanlı faciəyə dövlət səviyyəsində münasibət bildirilməsi təmin edildi.

Faciədən 28 il keçir.“Əbədi, dönməz və sarsılmaz” müstəqilliyimizin işığında yaşayan xalq hər il yanvarın 20-də Şəhidlər Xiyabanına üz tutur, azadlığımızın qandallarını sındırmış şəhidlərimizi ehtiramla yad edir. Şəhidlər Xiyabanını ziyarətə gələn yüz minlərlə həmvətənimiz azadlığımız uğrunda şəhid olmuş soydaşlarımızın məzarı qarşısında baş əyərək onların xatirəsini əziz tutur. Prezident İlham Əliyevin Şəhidlər Xiyabanını ziyarət edərkən vurğuladığı kimi: “Azərbaycan xalqı bu günü heç vaxt yaddan çıxarmayacaq. Azadlıq, müstəqillik uğrunda, vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır”. Bəli, şəhidlər unudulmaz. Onlar xalqın azadlığı yolunda canlarından da keçməyə hazır olduqlarını göstərdilər və bu yolla getdilər. Ölümə gedən yollar onları ölməzliyə - əbədiyyətə, xalqımızı isə əbədi azadlığa qovuşdurdu. Bu bir tarixdir. Qanlı, amma Şərəfli bir tarix. Tarix isə onu unudanları bağışlamır.

Şəhidlərimizə əbədi rəhmət  və xalqımıza əbədi azadlıq arzusu ilə,

Cavanşir FEYZİYEV
Milli Məclisin deputatı
Fəlsəfə doktoru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ