Qabil Hüseynli: "Təəssüf ki, Qərb bu prosesə bir qədər gec başlayıb"
Hamburqda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının ikigünlük iclasına 50 ölkənin XİN başçısı qoşulub. Ciddi təhlükəsizlik tədbirləri şəraitində keçirilən görüşün proqramına Ukraynada münaqişənin və Suriyada müharibənin müzakirəsi məsələləri daxil edilib.
İclasın ilk günündə rəsmilər çıxışları zamanı diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldib.
ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi "ikinci nəfəs" əldə etməlidir. Onun sözlərinə görə, münaqişənin nizamlanması ilə bağlı danışıqlarda vasitəçilik üçün ATƏT-in Minsk Qrupu formatı mövcuddur və lazımdır ki, bu proses "ikinci nəfəs" qazansın: "ATƏT Dağlıq Qarabağda baş verən son hadisələrlə bağlı narahatdır. Aprel ayında vəziyyətin gərginləşməsi münaqişənin nə qədər təhlükəli olduğunu bir daha nümayiş etdirdi. Bu hadisə göstərdi ki, atəşkəsi möhkəmləndirmək və münaqişənin düzgün həll yolunu tapmaq üçün düzgün müzakirələr apardığımıza əmin olmağımız nə qədər vacibdir".
ATƏT sədri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində "ikinci nəfəs" deyəndə nəyi nəzərdə tutub?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, Almaniyanın xarici işlər naziri çox yaxşı bir ifadə işlədib: "Artıq Qərb ölkələri və ABŞ yaxşı başa düşür ki, prosesin nizamlanmasına Rusiya ciddi şəkildə mane olur. Xüsusilə də Rusiyanın Cənubi Qafqazdakı destruktiv fəaliyyəti onlara gözəl məlumdur. Azərbaycanın Qərb üçün rolu vacibdir. Buna da Rusiya mane olur. Bu səbəbdən də Dağlıq Qarabağ münaqişəsilə bağlı nizamlamanı başqa bir müstəviyə keçirmək istəyirlər. Çalışırlar ki, ya Rusiya prosesdən kənarlaşdırılsın, ya da onun rolunu zəiflətsinlər. O səviyyəyə gətirsinlər ki, təsir imkanları Rusiya ilə bərabərləşsin. ATƏT-in fəaliyyətdə olan sədri "ikinci nəfəs" deyəndə bunu nəzərdə tutub. Amma təəssüf ki, Qərb bu prosesə bir qədər gec başlayıb. Vaxtında start verilsəydi, indi effekti hiss olunardı".
Məhəmmədəli QƏRİBLİ