Suriyadakı hədəflərini vurmaq məqsədilə İran üzərindən keçən Rusiya döyüş təyyarələrinin İran ordusunun hava sahəsi və bəzi hərbi bazalarından istifadə etməsi gündəmə gəlib. Məlumata görə, İran bunu asanlaşdırmaq üçün müəyyən addımlar da atıb.
Baki-xeber.com xəbər verir ki, Amerika Sahibkarlıq İnstitutuna (American Enterprise Institute) bağlı "Həssas Təhlükələr" qrupunun yaydığı "Suriyadakı Rusİya-İran hərbi koalisiyası möhkəmlənə bilər" başlıqlı analizdə, İran ordusunun Rusiya hərbi təyyarələrinə dəstək verdiyi iddia edilir.
İki ölkə ordusu arasındakı Suriya ilə bağlı əməkdaşlığın yaxın gələcəkdə daha dərin və yaxın bir hərbi əməkdaşlığa zəmin yaradacağı bildirilir.
"Aviationist" adlı internet saytına istinadən bildirilir ki, noyabrın sonundan bəri Rusiya Tu-95MS Bear, Tu-160 Blackjack və Tu-22M Backfire tipli döyüş təyyarələrinin İran hava sahəsindən İran döyüş təyyarələrinin müşayiətilə keçib.
Bundan əlavə, Rusiya Su-34 "Fullback" tipli hücum təyyarəsinin noyabrın 23-də Şahid Nojeh hərbi bazasına endiyi və iki gün sonra yenidən havalandığı qeyd edilir. Eyni günlərdə Il-76 "Candid" tipli yük təyyarəsi də həmin bazaya enib.
Sözügedən analizdə Rusiyanın Suriyadakı hava hücumları çərçivəsində Şahid Nojeh hava bazasının xüsusi üstünlüyə sahib olduğu və əgər bundan sonra İranla Rusiya arasındakı hərbi əməkdaşlıq dərinləşəcəksə bu bazanın xüsusi bir mövqeyə sahib olacağı şərh edilir.
Rusiyanın Suriyadakı əməliyyatlarını istədiyi ölçüdə reallaşdırmaq üçün bundan sonra İranın hərbi gücündən daha çox faydalanmaq istəyəcəyinə diqqət çəkilən analizdə, Moskvanın Xəzər dənizi və Aralıq dənizindən atdığı uzun mənzilli raketlər üçün etibarlı bir koridora ehtiyac duyduğu qeyd edilir: "Bu təmiz və etibarlı dəhliz İran üzərindən ola bilər".
Rusiyanın Türkiyə ilə pozulan əlaqələrinə də diqqət çəkilərək, Putinin başqa çarəsinin qalmadığı və İranla hava sahəsi və bəzi hərbi bazaların istifadəsilə bağlı daha çox əməkdaşlığa ehtiyac duyduğu bildirilir.