"Əgər ABŞ-da müvafiq komitədə, daha sonra isə konqresdə Kristofer Smitin təqdim etdiyi qanun layihəsi qəbul olunarsa, biz də paralel addım atacağıq. Əminəm ki, Milli Məclis üzvləri də bu addımları dəstəkləyəcək”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli deyib.
Əli Hüseynli bildirib ki, ABŞ-la bağlı hazırlanan layihənin müəllifi Rövşən Rzayev "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü kimi bu addımı atıb: "Eyni zamanda Rövşən Rzayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədr müavinidir. Biz komitə olaraq onun bu addımını dəstəkləyirik. Çünki son dövrlər ABŞ da bəzi dairələrin, erməni lobbisinin təsiri altında olan konqresmenlərin fəaliyyəti daha da aktivləşib. Azərbaycan prezidenti Qarabağ problemin həlli istiqamətində çox ciddi addımlar atır, ordumuzun cəbhə bölgəsində ciddi uğurları var. Təəssüflər olsun ki, belə bir vaxtda erməni lobbisinin, ABŞ-dakı bir sıra dairələrin təsiri altında Azərbaycanda insan haqları sahəsində vəziyyətin yaxşı olmaması barədə fikir yaradılır və bu qəsdən edilir. Yəni fikir formalaşdırmaq istəyirlər ki, Dağlıq Qarabağda ermənilər azərbaycanlılarla birgə yaşaya bilməz, çünki Azərbaycanda insan haqları pozulur”.
Komitə sədri qeyd edib ki, ABŞ-ın Yaxın Şərqdə, xüsusilə müsəlman əhaliyə qarşı həyata keçirdiyi siyasət 21-ci əsrdə insan haqlarının kütləvi pozulmasına gətirib çıxarıb: "Belə olan halda ABŞ Dağlıq Qarabağın işğaldan azad edilməsi, qaçqın və məcburi köçkünlərin hüquqların müdafiə edilməsi ilə necə məşğul ola bilər”?
Azərbaycanın Amerika Birləşmiş Ştatlarına sanksiya tətbiq etməsi bizim istəyimiz deyil. Bunu isə jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının İcra katibi - sədr müavini, Baş nazirin müavini Əli Əhmədov deyib.
Onun sözlərinə görə, bu, Amerika Birləşmiş Ştatlarında bəzi dairələrin antiazərbaycan mövqeyinə Azərbaycanın məcburi reaksiyasıdır: "Biz Amerika ilə münasibətlərin gərginləşməsinin tərəfdarı deyilik. Amerika ilə Azərbaycan bir sıra sahələrdə əməkdaşlıq edir. Amma təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Amerika Birləşmiş Ştatlarında bəzi dairələr, bəzi vəzifəli insanlar var ki, Azərbaycanla Amerika münasibətlərinin pisləşməsi üçün əllərindən gələni edirlər. Hətta Azərbaycana, Azərbaycanın bəzi vəzifəli şəxslərinə qarşı sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini hazırlayıb təqdim ediblər. Bilmirəm, ABŞ Konqresi bu layihəyə necə mövqe sərgiləyəcək, amma belə bir təşəbbüsün ortaya atılması faktdır. Təbiidir ki, Azərbaycan vətəndaşları, o cümlədən, Milli Məclis üzvləri bu antiazərbaycan mövqeyə qarşı öz fikirlərini səsləndirirlər. Bu fikirlərin müəyyən hissəsi də Amerika Birləşmiş Ştatlarına qarşı adekvat addımların atılmasını özündə ehtiva edir. Güman edirəm ki, Amerika Birləşmiş Ştatlarından Azərbaycana qarşı bəzi dairələr tərəfindən sərgilənən antiazərbaycan mövqeyi aradan qaldırılacaq. Ən azından biz bunu arzu edirik. Əgər belə bir təşəbbüs olmasa, antiazərbaycan mövqeyi açıq şəkildə özünü göstərməsə, güman edirəm ki, Azərbaycan tərəfindən də müvafiq addımların atılmasına ehtiyac qalmayacaq”.