"Suriyada terrorçulara qarşı mübarizə aparan qüvvələri dəstəkləməyə hazırıq”. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada PKK ilə əlaqəli olan HDP partiyasının sədri Səlahəddin Dəmirtaşla görüşü zamanı deyib.
"Suriya hökumətinin istəyi ilə antiterror əməliyyatlarında iştirak edən Rusiya yerüstü əməliyyatlara da dəstək verməyə hazırdır. Terrorla mübarizə aparan bütün qüvvələrin imkanlarını birləşdirmək vacibdir”, - deyə o əlavə edib.
Baki-xeber.com xəbər verir ki, Dəmirtaş görüşdə Türkiyənin Rusiya təyyarəsini vurmasının yanlış olduğunu, hökumətin səhv xarici siyasət yürütdüyünü deyib.
Lavrov isə PKK-nın Suriya qolu PYD-yə dəstək mesajı verib. Xarici işlər naziri terrorla mübarizə aparan bütün qüvvələrin səylərinin birləşdirilməsinin vacibliyini bildirib: ”Biz bilirik ki, İraq və Suriya kürdləri əllərində silah "İslam Dövləti” və digər ekstremist qruplara qarşı mübarizə aparır.Onlar İraq və Suriya ordusu ilə öz torpaqları, ev-eşiklərini müdafiə edirlər. Bu xristianlar və digər azlıqlar kimi onların alınmaz hüququdur”-deyə Lavrov bildirib.
Bir neçə gün əvvəl Türkiyə baş naziri Əhməd Davudoğlu Dəmirtaşın səfərinin vaxtının məhz indi seçilməsin tənqid etmişdi: "Türkiyə azad bir ölkədir, təbii ki, hər kəs istədiyi yerə gedə bilər. Amma niyə 2 ay əvvəl, ya da bir il əvvəl getmədilər? Niyə hava məkanımızı pozduqları üçün böhran yaşadığımız bir ölkəyə indi gedirlər".
Bundan əvvəl «Stratfor» Araşdırmalar Mərkəzi yazırdı ki, Rusiya kürd məsələsinə təsir rıçağı kimi əl atır: "Rusiya opponentinin geosiyasi düymələrini necə basmağı bilir. Türkiyə Rusiya təyyarəsini vurandan sonra Moskva Ankaranı siyasi və iqtisadi baxımdan cəzalandırmağa başlayıb. İndi isə Ankaranı daha çox qəzəbləndirir, Türkiyə üçün çox həssas məsələyə, kürd məsələsinə təsir rıçağı kimi əl atır.
Demirtaş iddia edir ki, o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın edə bilmədiyini edəcək: Türkiyənin Rusiya ilə münasibətini düzəldəcək. Ancaq, əslində, Dəmirtaş Ərdoğana göstərmək istəyir ki, kürdlər bir siyasi qüvvədir, onları seçkidən kənarlaşdırmaq, küçələrdə əzmək olmaz».