Dekabrın 18-də ABŞ Prezidenti Barak Obamanın imzası ilə ABŞ Konqresi tərəfindən qəbul edilmiş 2016-cı maliyyə ili üzrə Ümumi Təxsisatlar Qanunu qüvvəyə minib. Trend-in məlumatına görə, bu qanun ABŞ-ın Azərbaycanın işğal altındakı ərazilərinə hər hansı formada yardım etməsini nəzərdə tutan heç bir müddəanın olmaması ilə əlamətdar olub.
Belə ki, təxsisatlar qanununda belə bir müddəanın olmasını təmin etmək üçün ABŞ-dakı erməni diasporu və onların Konqresdəki havadarları bütün resurslarını səfərbər ediblər. Lakin bütün bunlara baxmayaraq, ABŞ Konqresi Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansı müddəanın yekun qanuna və onun əlavəsinə salınmasından imtina edib.