M.Qurbanlı deyib ki, Helsinki Komissiyasının Konqresə təqdim etdiyi qanun layihəsində gülməli məqamlar var: "Guya Azərbaycanda babtistlərə, protestantlara qarşı hansısa ayrı-seçkilik var, məhdudlaşdırma həyata keçirilib. Bu absurd və gülünc fikirlərdir. Bu barədə fikirlərimizi iki gün əvvəl bizimlə görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutaya da çatdırdım və müvafiq sənədləri də təqdim etdim. Göstərdik ki, Azərbaycanda babtistlərin, protestantların, lüterantların ayrıca icmaları var. Bütövlükdə xristian dininə aid bütün cərəyanların, təriqətlərin icmaları Azərbaycanda azad şəkildə fəaliyyət göstərir. Yalnız o icmalara icazə vermirik ki, radikal xarakterlidirlər və provaslav və katolik kilsələri öz ölkələrində onlara icazə vermirlər".
Komitə sədri qeyd edib ki, layihədə Yeqova şahidlərinin də adı çəkilir: "Yeqova şahidlərinin Azərbaycanda icması da, fəaliyyəti də var. Xristian icmaları içərisində Azərbaycana ən çox kitab idxal edən də bu icmadır. O kitabların yayılmasını qadağan etmişik ki, onlar bütövlükdə xristian dünyasında qadağan edilib. Bildirdim ki, bu kitabları Fransada, İtaliyada, Almaniyada, Böyük Britaniyada yayılmağa qoymurlarsa, Azərbaycan da bunu edir. Ona görə də Helsinki Komissiyasının sənədini tam qərəzli hesab edirik".