ABŞ Suriyada hərbi hava bazası qurur. Baki-xeber.com xəbər verir ki, bu barədə Livanda nəşr olunan "El Ahbar” qəzeti məlumat yayıb.
Məlumata görə, ABŞ Suriyanın şimalında istifadə edilməyən bir bazanı hava əməliyyatları zamanı istifadə etmək üçün bərpa edir.
Qeyd edilir ki, ABŞ Hava Qüvvələrinin bir qrup mütəxəssisi Hasekedə Rimelan qəsəbəsindəki Əbu Hacar aerodromunu yenidən inşa etmək və avadanlıqlarla təchiz üçün işlərə başlayıb. ABŞ aerodromun bərpasında kürd silahlılarla əməkdaşlıq edir. Hazırda YPG-nin (kürd silahlılar) əlindəki Əbu Hacar aerodrom 2010-cu ildən istifadə edilmir.
Noyabr ayında yayılan məlumatlarda da bildirilirdi ki, ABŞ-a aid 2 döyüş helikopteri Rimelana enib və amerikalı 8 hərbi ekspert aerodroma gedib.
Əsəd rejimi ABŞ-a Suriyada hərbi hava bazası qurmağa icazə verməyib.
ABŞ Hava Qüvvələri İŞİD-ə qarşı əməliyyatlarda avqustdan indiyə kimi Türkiyədəki İncirlik bazasından istifadə edir. ABŞ döyüş təyyarələri əvvəllər İordaniya və Qətərdəki bazalardan da istifadə edib.