Səudiyyə Ərəbistanı 34 ölkənin iştirakı ilə terrorizmə qarşı İslam koalisiyasının yaradıldığını bəyan edib. APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə "ArabiaTV” telekanalı xəbər verib.
Koalisiyaya Səudiyyə Ərəbistanı, Türkiyə, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Banqladeş, Bəhreyn, Benin, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Fələstin, Komor adaları, Qətər, Fil Dişi Sahili, Küveyt, Livan, Liviya, Mali, Maldiv adaları, Malayziya, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya və Yəmən daxildir.
Hərbi alyansın qərargahı Ər-Riyadda yerləşəcək. "Koalisiya fəaliyyətini böyük dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələndirəcək. Antiterror koalisiyasının hədəfində yalnız İŞİD deyil, digər terror qruplaşmaları da olacaq ”, deyə Səudiyyə Ərəbistanının müdafiə naziri Məhəmməd bin-Salman bildirib.
Qeyd edək ki, ABŞ-ın rəhbərliyi altındakı beynəlxalq koalisiyaya 65 ölkə daxildir.
"Hazırda Azərbaycanın "Terrorizmə qarşı İslam koalisiyası”na qoşulması məsələsinə baxılır”. Bunu XİN-in Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev "Terrorizmə qarşı İslam koalisiyası”na Azərbaycanın qoşulması barəsində sorğuya cavab olaraq, Trend-ə açıqlamasında bildirib.
H.Hacıyev bildirib ki, məsələ ilə əlaqədar xarici işlər naziri Elmar Məmmədyarov və Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel Əl Cubeir arasında telefon danışığı olub və bu xüsusda, təmaslar davam etdirilir: "Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, ölkəmizin bu qəbildən olan hər hansı strukturlarda iştirakı ölkədaxili prosedurların tələbləri əsasında nəzərdən keçirilməlidir. Hazırda məsələyə baxılır. Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə qınayır".
Türkiyənin baş naziri Əhməd Davudoğlu terrorizmə qarşı İslam koalisiyasının yaradılması İslamı terrorla əlaqələndirmək istəyənlərə ən yaxşı cavab adlandırıb. O bildirib ki, terrorizmə qarşı İslam koalisiyasının yaradılması barədə təklif Səudiyyə Ərəbistanından gəlib: "Bizim Səudiyyə Ərəbistanı ilə həmişə yaxın və sıx əməkdaşlığımız olub. Biz İslam koalisiyasının yaradılması məsələsinin müzakirə olunduğu görüşə Səudiyyə Ərəbistanı tərəfindən dəvət almışıq. Türkiyə bu koalisiyada iştirak etməyə hazırdır”.
Baş nazirin sözlərinə görə, bu koalisiyanın yaradılması irəliyə doğru müsbət addımdır.