Türkiyədə Diyarbəkir şəhərinin Sur qəsəbəsində polis küçəyə çıxmaq qadağasına etiraz edənləri dağıtmaq üçün havaya atəş açıb və qaz bombalarından istifadə edib.
Etirazçılar da polisə hücumlar edib. Qarşıdurma zamanı gülləyə tuş gələn iki nəfər ölüb.
Şəhərin bəzi küçələrində də polislə qarşıdurma olması barədə müxtəlif məlumatlar gəlir.
Xalqların Demokratik Partiyası (HDP) Sur qəsəbəsi də daxil olmaqla, bir neçə yerdə küçəyə çıxmaq qadağası ilə bağlı nümayişə çağırışlar edib. Diyarbəkir valiliyi isə ötən axşam nümayişin "qanunsuz" olduğunu bildirib.
Etiraz aksiyasında deputatlar da iştirak edib. Nümayişçilər bir küçədə barikada qurmaq istədikdə polis havaya atəş açıb, qaz bombası və su şırnağı ilə kütləni dağıtmağa çalışıb.
Etirazlarla yanaşı, ticarətçilər də tətil elan edərək dükanları açmayıb. Şəhərdə bələdiyyə avtobus və minibusları da fəaliyyət göstərməyib, bəzi yerlərdə zibil qutuları təmizlənməyib, məktəblilər dərsə getməyib.
Bununla yanaşı, Cizrə, Silopi və Nusaybin qəsəbələrində yenidən qeyri-müəyyən vaxta qədər küçəyə çıxmağa qadağa qoyulub.
Cizrə və Silopidə küçələrində xəndəklər qazılan sakinlər isə evlərini kütləvi şəkildə tərk etməyə başlayıb. PKK-çılar isə köçün qarşısını almaq üçün yolları kəsir və sakinləri hədələyir.