Rusiya döyüş təyyarəsinin Suriya sərhədində Türkiyə tərəfindən vurulmasından sonra iki ölkə arasında gərginlik davam edir. Baki-xeber.com xəbər verir ki, Moskva Türkiyə ilə barışmaq üçün 3 şərt açıqlayıb. Bu ölkənin Ankaradakı səfiri Türkiyədən üzr, hadisələrə görə məsuliyyət daşıyanların cəzalandırılması və təzminat tələb edir. Səfirin açıqlamasına görə, bu üç şərtə əməl olunmasa Türkiyə ilə əlaqələr bərpa edilməyəcək.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkin isə Türkiyənin İŞİD-lə neft qaçaqçılığı iddialarını təkrarlayıb və məsələni Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının gündəminə çıxara biləcəklərini deyib: "Türkiyənin İŞİD-lə neft biznesinə gərə BMT sanksiyalarına məruz qalması nəzəriyyədə mümkündür.
Nəzəri olaraq Türkiyəyə İŞİD-lə neft ticarətinə görə, sanksiya tətbiq olunması mümkündür. Amma gerçək dünyada yaşayırıq. Türk qırıcıları tərəfindən vurulan təyyarəmiz məsələsində NATO-nun Türkiyənin arxasında durduğunu görürsünüz".
Rusiyanın Türkiyəyə sanksiya tətbiq olunması məsələsini BMT TŞ-yə çıxarması ehtimalına gəlincə, Çurkin bunun mümkün olduğunu deyib: "Hər şeyi edə bilərik. Amma BMT TŞ-yə hansı mövzuların təqdim ediləcəyi siyasi bir qərardır. Təqdim etdiyimiz layihənin dəstək alması üçün plan hazırlamalıyıq".
Bu arada, Rusiyanın Ermənistan hökumətinin çağırışı ilə Türkiyə-Ermənistan sərhədinə hərbi birliklər göndərməyə hazırlaşması barədə xəbərlər yayılıb.
Ərəbcə nəşr edən khabararmani.com erməni saytının xəbərinə görə, Putin Rusiya əsgərlərinin Ermənistana göndərilməsi barədə qərar da imzalayıb. Ordunun sərhədə yaxın günlərdə göndərilməsinə başlanacaq.
Məlumata görə, 7 min rus hərbçisi Rusiyanın 58-ci korpusunun seçmə qüvvələrindən yaradılacaq və Ermənistan-Türkiyə sərhəd bölgəsində yerləşdiriləcək.
Ermənistan-Türkiyə sərhədinə yerləşdiriləcək Rusiya ordusu raketlər və tanklarla da təchiz ediləcək.
Bundan başqa, Ermənistandakı Rusiya hərbi qərargahı və Suriyadakı S-400 raketlərinin yerləşdirildiyi rus hərbi bazası ilə xüsusi kanallarla birbaşa əlaqədə olacağı da vurğulanır. Bu iki mərkəzin koordinasiyalı radar fəaliyyətlərinin Türkiyə hava sahəsinin 85 faizinə nəzarət edəcəyi bildirilir.
Məlumatlarda qeyd edilir ki, Rusiya qoşunları İrəvanın Türkiyədən gələ biləcək hərbi hücuma qarşı Rusiyadan kömək çağırışından sonra Ermənistana göndərilir.