Terror təşkilatı PKK noyabrın 24-də rus təyyarəsinin vurulmasından sonra yaranan Türkiyə-Rusiya böhranından istifadə etməyə çalışır. Belə ki, Kandildə toplaşan PKK-nın liderləri təşkilatın Rusiyadan silah alması üçün razılığa gəliblər.
Baki-xeber.com "Sabah” qəzetinə istinadən xəbər verir ki, Türkiyə kəşfiyyatının əldə etdiyi məlumata görə, toplantı dekabrın 1-də keçirilib. Yığıncağa Türkiyənin hava əməliyyatları üzündən uzun müddətdir bir araya gələ bilməyən Murat Karayılan, Duran Kalkan və Cemil Bayık da qatılıb.
Toplantıda PKK-nın, Türkiyə ilə ola biləcək müharibədə Rusiyaya dəstək verəcəyi, əməliyyatları artırıb, ölkə daxilində yeni bir cəbhə açacağı və bunula dövlətin PKK-nın tələblərini qəbul etmək məcburiyyətində qalacağı istiqamətində xəyanət planları müzakirə edilib. Yığıncaqda həmçinin, PKK-ya yaxın TV kanalları, qəzetlər və ictimai media hesablarından Türk-Rus müharibəsinə zəmin hazırlamaq üçün təhrikedici yazıların hazırlanmasına qərar verilib.
Türkiyənin, terror təşkilatı İŞİD-ə dəstək verməsi barədə Rusiya tərəfindən səsləndirilən açıqlamaların da gündəmdə saxlanması barədə göstərişlər verilib.
Bunun yanaşı təşkilatın silah-sursat alması ilə bağlı da müzakirələr aparılıb. Bu istiqamətdə PKK-nın Suriya qolu PYD-nin silahlı qanadı YPG vasitəsilə Rusiyadan raket və tank əleyhinə minaların alması ilə danışıqlara başlamağlı planlaşdırır. Alınması planlaşdırılan silahlar arasında yerdən hava uçan obyektlərin vurulması üçün raketlər də var.