Türkiyənin iki həftə əvvəl Suriya sərhədində türk hava sahəsini pozan rus döyüş təyyarəsini vurmasının ardından Rusiyanın Rosatom şirkətinin törəməsi olan Akkuyu NGS Mersin Akkuyu Nüvə Stansiyası layihəsinin tikintisini dayandırıb.
Baki-xeber.com Türkiyə KİV-inə istinadən xəbər verir ki, mövzu haqqında məlumatlı rəsmi mənbələr bildirib ki, iki ölkə arasındakı beynəlxalq müqavilələrə uyğun olaraq təzminata görə, Rusiya müqaviləyə xitam verməkdən yayınır.
"Reuters”ə açıqlama verən Türkiyə enerji rəsmilərindən biri də Akkuyu Nüvə Stansiyasının tikintisinin təxirə salındığını təsdiqləyib. Bildirilir ki, Türkiyə tikintini davam etdirmək üçün başqa ölkələrlə danışıqlar aparır.
Başqa bir rəsmi isə bildirib ki, Rusiya təyyarəsinin vurulmasından sonra layihənin taleyi sual altına düşdü. Ancaq Rusiya şirkəti layihəyə indiyi kimi 3.5 milyard dollar ətrafında sərmayə qoyub. Konvensiyada tək tərəfli xitama görə ağır təzminat şərtləri də var. Məhz buna görə, ruslar hələlik bu istiqamətdə heç bir addım atmır".
Layihənin taleyinin qeyri-müəyyən bir duruma düşdüyünü deyən rasmilər baş verən proseslərdən dolayı layihənin gecikə biləcəyini deyirlər: "Böhran nə qədər sürər bilmirik. Rusiya layihədən çəkilmək də istəyə bilər. Amma 2022-ci ildə stansiyanın təhvil verilməsi də asan olmaya bilər".
Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov yaşanan hadisədən sonra mövcud bütün layihələrin yaxından araşdırılacağını bildirmişdi, ancaq Akkuyu layihəsilə bağlı açıqlama vermək istəməmişdi.
Türkiyə ilə Rusiya arasındakı razılaşma çərçivəsində Rusiya Akkuyu Nüvə Stansiyasını 20 milyard dollarlıq sərmayə qoymalı idi. Bu stansiya Türkiyənin ilk nüvə stansiyası olacaq.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın gündəmə gətirdiyi Türk Axını layihəsi də təxirə salınmışdı.