Ukrayna prokurorluğu baş nazir Arseniy Yatsenyukun korrupsiya şəbəkəsində əli olub-olmamasını araşdırır. Söhbət Odessa liman zavodundan il ərzində 90 milyon dolların mənimsənilməsindən gedir.
Bu barədə dekabrın 8-də Britaniyanın "The Times” qəzeti baş prokurorun müavini və Odessa vilayətinin prokuroru David Sakvarelidzeyə istinadla yazıb.
Onun sözlərinə görə, bu dövlət mülkiyyəti olan zavoda reyd zamanı bəlli olub. "Ukrainskaya Pravda”nın yazdığına görə, Yatsenyuk və ətrafı ittihamı rədd edir.
Odessa vilayətinin qubernatoru Mixael Saakaşvili isə dekabrın 7-də "5-ci kanal”a müsahibəsində nazirlər kabineti və böyük iş adamlarının korrupsiyada əli olmasını göstərən sənədlər təqdim etməyə hazır olduğunu bildirib. O bildirib ki, Ukrayna korrupsiya şəbəkəsinə görə 5 milyard dollar itirir.