Moskva ilə Ankara arasında münasibətlərin gərgin olduğu bir vaxtda Rusiyanın məşhur azərbaycanlı iş adamı Vahid Ələkbərov atdığı bir addımla diqqət mərkəzinə gəlib. Hətta onun bu addımını Putinin Türkiyə sanksiyalarına saymazyana yanaşma kimi dəyərləndirənlər də var.
Baki-xeber.com xəbər verir ki, Putinə yaxınlığı ilə tanınan azərabaycanlı iş adamı İstanbulda «Edition Hotel»i satın alıb.
Məlumata görə, oliqarx digər azərbaycanlı iş adamı Mübariz Mansimova aid «Edition Hotel»lə bağlı onunla razılığa gəlib. Palmali Şirkətlər Qrupunun rəhbəri Mənsimov 2003-cü ildə satın aldığı keçmiş HSBC binasını 2010-cu ildə «Edition Hotel» adı ilə otel kimi işlətməyə başlayıb. «LUKoil» prezidenti bununla Türkiyədə ikinci böyük yatırımını qoymuş olub. Belə ki, «LUKoil» 2008-ci ildə enerji şirkəti «Akpet»i təxminən 500 milyon dollara satın almışdı. Bundan başqa, Mansimova aid Bodrum-Yalıkavakdakı «Palmarina» Hotelini də Vahid Ələkbərovun satın alındığı bildirilir.
«Cipriani» və «Billionaire» kimi dünyaca məşhur restoran və klubları Türkiyəyə gətirən şirkətin bundan sonrakı investisiya planları ciddi müzakirə mövzusuna çevrilib.
Türkiyə-Rusiya münasibətlərinin gərgin olduğu, xüsusilə Moskvanın Ankaraya qarşı sərt sanksiya qərarları çıxardığı bir vaxtda azərbaycanlı oliqarxın Türkiyəyə investisiya yatırması Moskvada birmənalı qarşılanmır. Ehtimal edilir ki, Vahid Ələkbərov buna görə prezident Putinin qəzəbinə tuş gələcək.
Vahid Ələkbərov 12.3 milyard dollarlıq sərvəti ilə Rusiyanın məşhur iş adamlarından biri kimi tanınır.
Milyarderlər siyahısında Rusiyada 8-ci, dünyada isə 114-cü sırada yer alan Vahid Ələkbərovun rəhbəri olduğu «LUKoil» şirkətinin dəyərinin 145 milyard dollar olduğu bildirilir. Şirkət bundan əvvəl də 1300 stansiyası olan Amerikanın «Getty Petroleum» firmasını satın almışdı.