Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi və regionda sülh üçün Azərbaycanın işğal edilmiş torpaqlarını tam azad etmək lazımdır. Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu Bakıda ADA Universitetində çıxışında deyib.
Baş nazir Ermənistanı Azərbaycan torpaqlarını azad etməyə çağırıb.
Ə.Davudoğlunun sözlərinə görə, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində sonadək Azərbaycanın yanında olacaq.
O bildirib: "Türkiyə Azərbaycan torpaqları tam azad edilənədək Azərbaycanın yanında olacaq. Azərbaycanın hər qarış torpağı dəyərlidir və bu torpaqlar azad edilməlidir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Cənubi Qafqazda sülh və sabitliyə xidmət edir".
Baş nazir bildirib ki, Türkiyə və Azərbaycan regionun ən inkişaf etməkdə olan ölkələridir. O qeyd edib ki, Azərbaycan və Türkiyə Avrasiya regionunda da lider ölkələrdir: "Türkiyə və Azərbaycan həmişə bir-birini dəstəkləyib və bu dəstəyi davam etdirəcək".
Baş nazir qeyd edib ki, hazırda Azərbaycan və Türkiyə TANAP kimi vacib enerji layihələrini reallaşdırır: "Avropa "Nabucco" layihəsinin reallaşdırılması barədə düşünəndə Azərbaycan və Türkiyə hazırda uğurla davam edən TANAP layihəsinin reallaşdırılmasına başladılar. TANAP regionun enerji xəritəsini dəyişdirəcək".
Ə.Davudoğlunun sözlərinə görə, Azərbaycan və Türkiyənin bütün layihələrinin reallaşdırılması regionda sülh və inkişafa istiqamətlənib.
Ə.Davudoğlu Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin vacibliyini də vurğulayıb.
Baş nazir diqqətə çatdırıb ki, Ermənistan Azərbaycanın işğal edilmiş torpaqlarını azad edərsə, enerji layihələrinə qoşula bilər.
Davudoğlu qeyd edib ki, Türkiyə Rusiya ilə münasibətlərə həmişə önəm verib. Onun sözlərinə görə, Türkiyə və Rusiya xalqları arasında heç bir problem yoxdur və olmayacaq.
Baş nazir Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək münasibətlərdə yaranmış böhranı diplomatik yolla həll etməyə çağırıb.
Ə.Davudoğlu bildirib: "Heç kəs Rusiya təyyarəsi ilə insident məsələsi üzrə Türkiyənin üzr istəməsini gözləməsin".
O vurğulayıb ki, Rusiyanın Türkiyənin ünvanına guya Rusiyaya arxadan zərbə vurması ilə bağlı ittihamları əsassızdır: "Türkiyə də iddia edə bilər ki, Rusiya Türkiyənin hava məkanını pozaraq Ankaranın sinəsinə zərbə endirdi. Türkiyə əmindir ki, bu böhranı danışıqlar yolu ilə həll etmək mümkündür".
Baş nazir əlavə edib ki, digərləri Rusiyaya qarşı sanksiyalar tətbiq edəndə Türkiyə həmin sanksiyalara qoşulmadı: "Rusiyanın Türkiyəyə qarşı sanksiyaları ölkəmizi sındıra bilməz".
Türkiyənin baş naziri deyib: "Biz Suriya ərazisində rus təyyarəsini vurmamışıq. Təyyarə Türkiyə ərazisində vurulub. Üstəlik, həmin təyyarədə heç bir fərqləndirici nişan olmayıb".
Ə.Davudoğlu diqqətə çatdırıb ki, oktyabrda Rusiya Hərbi Qüvvələri Türkiyənin hava məkanını pozan zaman Ankara belə hərəkətlərin təkrar olunmasının yolverilməz olduğu barədə Moskvaya xəbərdarlıq edib.
Ə.Davudoğlu bildirib ki, Türkiyə digər ölkələrin sərhədlərinin toxunulmazlıq prinsipinə hörmət etdiyi kimi, başqa ölkələr də Türkiyə sərhədlərinin toxunulmazlıq prinsipinə hörmət etməlidir.