Rusiya Silahlı Qüvvələri Xəzər dənizi sahilindəki Həştərxan bölgəsində S-400 raketdən müdafiə sistemlərinin də iştirak etdiyi təlimlər keçirir. Baki-xeber.com xəbər verir ki, təlim zamanı S-400 raketlərilə şərti hədəflər məhv edilib. Digər tərəfdən Rusiyanın Xəzər donanması da Həştərxan bölgəsində terrorla mübarizə təlimlərinə başlayıb.
Onu da qeyd edək ki, Rusiyanın Xəzər donanması oktyabrın 7-də Rusiyanın Suriyada keçirdiyi hava əməliyyatlarına daxil olub. Donanma raketlərlə Xəzər dənizindən Suriyadakı terrorçuların hədəflərini məhv edib.
Bu arada, Rusiya İrana S-300 raketdən müdafiə sistemləri göndərməyə başlayıb. Bununla bağlı açıqlama verən Rusiya rəsmisi Vladimir Koji S-300 sisteminin yola çıxdığını bildirib. Sözügedən raket sistemi dünyanın ən inkişaf etmiş havadan müdafiə sistemləri arasında yer alır.
Bu arada Rusiyanın Suriyanın hava məkanını tam ələ almağa hazırlaşması barədə xəbərlər yayılıb. Məlumatlara görə, Rusiyanın S-300 raketlərini Suriyaya yerləşdirməsinin ardından, Suriya Dəməşqin razılığı olmadan hava məkanına girən təyyarələri vuracağını elan etməyə hazırlaşır.
Küveyt mətbuatı yazır ki, Dəməşq-Moskva cütlüyü ölkə rəhbərliyindən icazəsiz hava sahəsini pozan bütün təyyarələri xəbərdarlıq etmədən vuracaq. Məlumatı mətbuata Dəməşqdə Rusiya, İran, Suriya və Hizbullahın daxil olduğu ortaq əməliyyatın iştirakçılarından biri verib.
Onun sözlərinə görə, İranın da 2 Sukhoi təyyarəsi Suriyadakı əməliyyatlara qatılmağa hazırlaşır. İran aviasiyası Humusdakı T4 bazasında (keçmiş Tiyas bazası) yerləşdiriləcək.
Küveyt mətbuatı yazır ki, Moskva-Tehran-Dəməşq üçlüyü bununla Su-24-ün vurulmasına cavab verməyə hazırlaşır.