Vurulan təyyarə üzündə Türkiyə ilə gərginlik yaşayan Rusiya terror təşkilatı PKK-nın Suriya qanadı PYD-ni silahlandırmağa başlayıb.
Baki-xeber.com xəbər verir ki, Rusiyaya aid hərbi yük təyyarəsi Hələbin şimalında PYD-nin nəzarətində olan Şeyx Maqsud bölgəsinə paraşütlərlə 5 ton silah-sursat atıb.
Təxminən iki aydır davam edən Rusiya-PYD yaxınlaşması döyüş sahəsinə də müşahidə edilir. Keçən həftə PYD hazırda nəzarət etdiyi Afrin və Kobanini birləşdirmək üçün Rusiyanın dəstəyilə müxaliflər üzərinə hücum başlamışdı.
Rusiyanın kürdləri rus döyüş təyyarəsinin Türkiyə tərəfindən vurlmasından sonra silahlandırması diqqət çəkir.
Bu arada, NATO təyyarə insidentinə görə Rusiya ilə gərginlik yaşayan Türkiyənin müdafiəsi üçün yeni addımlar atmağa hazırlaşır. NATO-nun baş katibinin açıqlamasına görə, alyans Türkiyənin təhlükəsizliyi üçün Aralıq dənizinə təyyarələr və döyüş gəmiləri göndərəcək. Baş katib Yens Stoltenberq İngiltərənin NATO ittifaqı çərçivəsində Türkiyəyə təyyarə, Almaniya və Danimarkanın isə Aralıq dənizinə gəmilər göndərəcəyini bildirib.
Bu tədbirlərin Rusiya təyyarəsinin vurulması ilə bağlı olmadığını, bundan əvvəl bəzi qərarların verildiyini deyən Stoltenberq, Türkiyədə hələ də İspaniyaya aid Patriotlar və Amerika döyüş təyyarələrinin olduğunu bildirib.
Rusiyanın Suriyaya göndərdiyi S-400 raketlərinin ardından ABŞ liderliyindəki koalisiya bu ölkədəki İŞİD hədəflərinə hücumları azaldıb. Bununla bağlı açıqlama verən Stoltenberq etiraf edib ki, Rusiyanın Şərq Aralıq dənizidə yığdığı hərbi qüvvə başqa hərbi güclərin bölgəyə yaxınlaşmasına mane olur: "NATO-nu hərəkətə keçirən səbəblərdən biri də budur. Buna görə, qüvvələrimizin hazırlıq səviyyəsini artırdıq. Daha iddialı bir Rusiyaya qarşı hərbi gücümüzü artırmağa davam edirik".