"Terror bütün dünya üçün təhlükəlidir. Biz İŞİD-in əsas maliyyə mənbələrindən birinin Türkiyə olduğuna əminik”. APA-nın Moskva bürosunun xəbərinə görə, bunu Suriyada İŞİD-in Türkiyəyə neft satması ilə bağlı Rusiyanın əldə etdiyi faktlara dair Rusiya Müdafiə Nazirliyində keçirilən mətbuat konfransında Rusiya müdafiə nazirinin müavini Anotoli Antonov deyib.
A. Antonov Türkiyə rəsmilərinin İŞİD-lə biznes əlaqələrinin olduğunu iddia edib: "Biz əldə etdiyimiz faktların hələlik bir hissəsini açıqlayırıq. Hansı ki, onlar Türkiyə elitasının cinayətkar dəstə ilə əlbir olduğunu göstərir”.
Baki-xeber.com xəbər verir ki, Antonov prezident Rəcəb Tayyib Ərdoğan və ailəsinin Suriya neft yataqlarından qaçaq neft daşınması ilə əlaqəli olduğunu iddia edib: "Əldə etdiyimiz məlumatlara görə, ölkənin siyasi liderliyi, prezident Ərdoğan və ailəsi bu şəbəkəyə daxil olublar".
Nazir müavini qeyd edib ki, onların məqsədi Türkiyə prezidenti Ərdoğanın istefa verməsi deyil, terror təşkilatının maliyyələşməsinin qarşısını almaqdır.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının baş əməliyyat idarəsinin rəisi, general-leytenant Sergey Rutskoy isə deyib ki, Suriya və İraqda olan İŞİD-in, həmçinin digər terror təşkilatlarının əsas maliyyə mənbəyi neft satışından əldə edilən gəlirlədir: "Son iki ayda Rusiya hərbi kosmik qüvvələrinin keçirdiyi əməliyyatlar nəticəsində 32 neft emalı kompleksinə və 11 neft emalı zavoduna zərbə endirilib. Bunun nəticəsində terrorçuların neftdən əldə etdiyi gəlir 50 faiz aşağı düşüb. Onların aylıq gəlirləri 3 milyon dollardan 1.5 milyon dollara enib”.