Rusiyada çalışan və ya bu ölkəyə müvəqqəti işgüzar səfərə gedən türkiyəli iş adamlarına təzyiqlər artıb. Bu həftə ərzində (noyabrın 24-26-sı arası) təkcə "YuqAqro" sərgisinə qatılan Türkiyə vətəndaşlarından 39 nəfəri "miqrasiya qanunlarını pozmaq" adı altında saxlanıb.
Baki-xeber.com-un məlumatına görə, virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, saxlanılan həmin türk vətəndaşları sərgidə Türkiyə məhsullarını nümayiş etdirən iş adamları, şirkət nümayəndələri olublar.
Federal Təhlükəsizlik Xidmətinin Krasnodar vilayəti üzrə idarəsindən bildiriblər ki, saxlanılan türk iş adamlarının "biznes fəaliyyəti üçün müvafiq icazəsi və işgüzar vizası olmayıb".
Federal Təhlükəsizlik Xidmətinin Krasnodar vilayəti üzrə idarəsi immiqrasiya nəzarəti şöbəsinin müavini Vartan Ter-Saakyan bildirib ki, Rusiyaya sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə bağlı gələn Türkiyə vətəndaşlarının işçi vizalarının olması məcburidir.
Məlumata görə, türk iş adamları viza qaydalarını pozmaqda ittiham olunur. Onlar 2-5 min rubl arasında cərimə ödəməli olacaqlar. Cəriməni ödəyəndən sonra isə Rusiyadan deportasiya ediləcəklər.
Baki-xeber.com CNN TÜRK-ə istinadən xəbər verir ki, Krasnodarda "YuqAqro" kənd təsərrüfatı sərgisinə qatılan 22 türk firmasından 60 türk iş adam turist kimi sərgiyə qatıldıqlarına görə, miqrasiya idarəsi tərəfindən saxlanıblar. Bir gün həbsdə saxlanan iş adamlarından bir qrupu bu gün məhkəməyə çıxarılıb. Onlar haqqında Soçidəki saxlanma düşərgəsinə göndərilmə və 10 gün sonra deportasiya qərarı çıxarılıb.