"Məqsədi hakimiyyətə gəlmək olan bir siyasi təşkilatın seçkiləri boykot etməsi doğru qərar deyil. Mən həmişə boykotun əleyhinə olmuşam”. Bunu Secki-2015.az saytına açıqlamasında Müsavat Partiyasının üzvü Tural Abbaslı Müsavat Divanının noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirakdan imtina edilməsi qərarına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, boykotun seçkilərə hüquqi baxımdan da təsiri olmayacaq: "Çünki parlament seçkilərində yetərsay limiti yoxdur. Digər tərəfdən, Müsavat Divanının bu qərarı regionlardan namizəd olmuş partiya namizədlərini pis vəziyyətdə qoyacaq. Çünki onlar insanlardan imza toplayıb, həmin insanlar qarşısında öhdəlik götürüblər və birdən bu etimada hörmətsizlik göstərilir”.
T. Abbaslı qeyd edib ki, əvvəlcədən iştirak etmək barədə qərar verib sonradan geri çəkilmək qeyri- stabillikdən xəbər verir.