MDB Dövlət Başçıları Şurasının Qazaxıstanda keçirilən iclasında Rusiya prezidenti Vladimir Putinin qarşılıqlı ticarətdə dollardan imtina edilməsi ideyası daha geniş miqyasda dəstək qazanmaqdadır. Ekspertlər bunu dolların kursunun ABŞ Mərkəzi Bankının qərarı ilə hər an yüksələ biləcəyi təhlükəsi ilə izah edir. Elə bu səbəbdən indi daha çox dövlət dollardan gələn təhlükəni önləmək üçün ticarəti başqa valyuta ilə aparmağı məqsədəuyğun sayır.
Xatırladaq ki, Qazaxıstanda MDB dövlət başçılarının sessiyasında çıxış edən Rusiya prezidenti bildirib ki, dövlətlər çoxlu sayda xarici faktorların təsirinə məruz qalır: "Bu faktorlar sırasında əsas ixrac edilən malların qiymətinin düşməsi, qlobal iqtisadiyyatdakı qeyri-müəyyənlik, müxtəlif regionlarda siyasi gərginliyin artması var". O bildirib ki, MDB dövlətləri arasında ticarət dövriyyəsi azalıb və MDB iqtisadiyyatının xarici bazardan asılılığını azaltmaq üçün ölçülər götürmək barədə düşünmək lazımdır. Bu fonda da Rusiya prezidenti ticarətin milli valyutalarla aparılmasını zəruri sayıb. Elə həmin vaxt Prezident İlham Əliyevin Vladimir Putinin ticarət əlaqələri zamanı hesablaşmaların milli valyuta ilə aparılması fikrini dəstəklədiyini bildirib. İlham Əliyev qeyd edib ki, MDB üzvü olan ölkələrin çoxunun milli valyutaları öz dəyərini itirib: "Biz hesablaşmaları dollarla apardığımıza görə bu, təbii ki, statistikada dərhal mənfi işarə ilə öz əksini tapır. Buna görə mən də Vladimir Vladimiroviç Putinin hesablaşmaları milli valyutalarla aparmağa keçid məsələsinin araşdırılması ideyasına qoşulmaq istərdim. Bu bizim fəaliyyətimizlə bağlı olmayan müəyyən maliyyə risqlərindən yaxa qurtarmağa, həmçinin milli valyutalarımızı möhkəmlətməyə imkan verər, iqtisadi inteqrasiya işinə daha çox kömək edərdi".
Həqiqətən də MDB ölkələrinin əksəriyyətinin milli valyutalarının öz dəyərini itirdiyi bir vaxtda qarşılıqlı iqtisadi fəaliyyətin yeni formalarının axtarılması zərurəti yaranır. Bu ideya qonşu İran və Türkiyədə də xüsusi maraq doğurur. Türkiyə Mərkəzi Bankının sədr müavini Necati Şahin dollardan imtina ediləcəyi təqdirdə bunun dolların məzənnəsinin tez-tez dəyişdiyi bir zamanda ölkələr üçün daha faydalı olacağını bildirir. O hesab edir ki, başqa bir ölkənin valyutasından asılı olmadan milli valyutalarla alış-veriş etmək risqləri minimuma endirə bilər. Ekspertlər hesab edir ki, dollardan imtina edilməsi ABŞ-ın milli iqtisadiyyatlara təsir imkanlarını da azaldar. Daha əvvəl isə İran Mərkəzi Bankı bildirib ki, xarici ölkələrlə edilən ticarət zamanı həmin ölkələrin valyutasından istifadə edilməsi mümkündür. Xatırladaq ki, İranın ən böyük ticarət ortağı olan Çinlə neft ticarətində 2012-ci ildən bəri dollar əvəzinə Çin yuanı istifadə edilir. İran tərəfi digər ticarət ortaqları ilə ticarətdə dollardan imtina edəcəklərini istisna etmir və bura Azərbaycan da aiddir.
Qeyd edək ki, əslində, son vaxtlar bir sıra ölkələrdə dollardan imtina tendensiyası müşahidə olunur. İran, Türkiyə, Rusiya, Çin, Cənubi Koreya və bir sıra ölkələr xarici ölkələrlə ticarət əlaqələri zamanı dollardan imtina edib. Rusiya prezidenti isə bir müddət əvvəl MDB ölkələri çərçivəsində ticarətin ABŞ dolları ilə aparılmasından imtina edilməsi haqqında Dövlət Dumasına qanun layihəsi təqdim edib. Layihəyə əsasən, "Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin inteqrasiya olunmuş valyuta bazarının təşkili sahəsində əməkdaşlıq haqqında" saziş çərçivəsində hesablaşmalarda valyuta kimi dollar və avrodan imtina edilməsinə imkan verən mexanizm yaradılacaq.
Proseslər göstərir ki, ABŞ dolları bu gedişlə dünya ehtiyat valyutası kimi öz mövqeyini itirəcək. Təbii ki, bunun Amerika iqtisadiyyatı üçün nəticələri çox ağır olacaq. Eyni zamanda gözlənir ki, dollar zəifləsə, neft və qızıl bahalaşacaq. Ümumiyyətlə, kağız pullarla bağlı yaranan qeyri-müəyyənlik həmişə qızıl üçün əlverişli şərait yaradır. Son dövrlərdə ABŞ dolları dünyanın ehtiyat valyutası kimi statusunu kəskin sürətlə itirməyə başlayır. Dünyanın 10 aparıcı iqtisadiyyatından 5-i, yəni Rusiya, İran Hindistan, Çin və Yaponiya, o cümlədən də bir sıra digər ölkələr artıq ticarət zamanı dollardan vasitəçi valyuta kimi istifadəni sürətlə azaldır. Bu hal həm dolların özü, həm də Birləşmiş Ştatlar üçün böyük bir risq kəsb edir. Belə görünür ki, dünyaya yeni alternativ valyuta lazım olacaq. Dollara isə inam getdikcə azalır.
Nahid SALAYEV