Ən təhlükəlisi isə odur ki, kürdlərin müasir silahlarla aktiv şəkildə silahlanması prosesi gedir. Məsələn, PKK terror təşkilatı Türkiyənin Suriya və İraqla sərhədi yaxınlığında yerləşən Şırnak vilayətinin Beytüşşebah rayonuna basqında ilk dəfə olaraq raketatanlardan istifadə edib. Məlumata görə, indiyədək törətdiyi terrorlar zamanı PKK bu silahdan istifadə etməyib. Qeyd edək ki, bu yaxınlarda ABŞ və Rusiya rəsmiləri İraq və Suriyadakı kürd silahlılarına silah-sursat verdiklərini bildiriblər. ABŞ terrorçu PKK-nın Suriyadakı qolu PYD-yə 27 konteyner silah-sursat verib. Rəsmi Ankaranın məsələ ilə bağlı sorğusuna Ağ Ev hələ də qaneedici cavab verməyib.
Rusiya tərəfi isə daha da irəli gedir. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Suriyada rejim qüvvələri ilə kürdlər birləşməlidir. Onu da xatırladaq ki, prezident Bəşər Əsədin Moskva səfərində bu şəxsi çoxsaylı kürdlər müşayiət edib. Bu isə Türkiyənin narahatlığına səbəb olmaya bilməz. Elə prezident Rəcəb Tayyip Ərdoğan da Putinlə telefon danışığında bu məsələnin müzakirəsinə üstünlük verib. Danışıqlar zamanı Ərdoğan PYD-nin Türkiyə üçün terror təşkilatı olduğunu deyərək, Putinə onlarla əməkdaşlıqdan uzaq durmağı təklif edib. Ərdoğan PYD ilə işbirliyini müttəfiqliyin sona çatması kimi qiymətləndirib. Xatırladaq ki, Suriyada ən böyük etnik qruplardan biri kürdlərdir. Kürdlərin uzun illərdir ki, dövlət yaratmaq arzusu var.
Hazırda yaranmış durumda İraq və Suriyanın Türkiyə ilə sərhədlərinə nəzər saldıqda sərhədboyu ərazilərin kürdlərin nəzarəti altında olduğunu görmək olar. Elə bu səbəbdən Bəşər Əsədin nümayəndə heyətinin tərkibində kürdlərin üstünlük təşkil etməsi Türkiyə üçün narahatlıq doğurmaya bilməz. Belə bir məqamda Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov PKK-nın Suriyadakı qolu kimi də tanınan PYD-nin rəhbərlərindən biri Asiya Osmanı qəbul edib. Nazir müavini görüşdə kürd qrupların Suriyadakı terrorçulara qarşı mübarizə aparmalı olduğunu deyib. Rusiyalı rəsmi şəxsin kürd silahlıların nümayəndələri ilə görüşməsi Türkiyənin regionda necə çətin vəziyyətdə olduğunu ortaya qoyur.
Xatırladaq ki, Türkiyə Suriyadakı kürd qruplarına silah verən ölkələrə xəbərdarlıq edib. Ölkənin baş naziri Əhməd Davudoğlu bildirib ki, ABŞ "əl-Qaidə"yə bağlı qruplara qarşı necə mübarizə aparırdısa, Türkiyə də terrorçu PKK ilə əlaqəsi olanlarla elə davranacaq. Davudoğlu deyib ki, Türkiyə silah yardımlarına icazə verməyəcək: "ABŞ-ın xoş niyyətlə İraq ordusuna verdiyi silahlar İŞİD-in əlinə necə keçibsə, PYD-yə veriləcək silahların da PKK-nın əlinə keçməyəcəyinə heç kim təminat verə bilməz. Bölgədə silah bazasının yaradılmasına icazə vermərik. Ona görə də bu məsələyə münasibətimiz qətidir. Bunu ABŞ və Rusiyaya da çatdırmışıq. Türkiyəyə qarşı savaşan terror qruplaşmaları ilə əməkdaşlıq edilməsinə icazə verməyəcəyik". Amma Yaxın Şərqdə yeni oyun və Türkiyənin qonşuluğunda olan İraq və Suriyada gərgin vəziyyət kürd kartından istifadəyə münbit şərait yaradır. Artıq böyük dövlətlərin dəstəyi ilə İraqın şimalında kürd muxtar hökuməti formalaşdırılıb. Bu hökumət hətta İraq neftinin 30-40 faizinə nəzarət edir, onu dünya bazarına belə çıxara bilir. Kürd siyasətçiləri və terrorçuları Türkiyənin o biri qonşusu İranda da fəallıq göstərməyə çalışır. İraqda baş verənlər deməyə əsas verir ki, indiki mərhələdə kürdlər bu ölkədə onlara verilən muxtariyyətin Suriya, Türkiyə və İranda da verilməsinə cəhd göstəririr.
Son zamanlar İraqda İŞİD-ə qarşı mübarizənin aparılmasından söhbət belə getmir. İraq artıq 3 hissəyə bölünüb: İŞİD-in nəzarət etdiyi ərazi, rəsmi Bağdadın nəzarəti altında olan bölgələr və ölkənin şimalındakı kürd muxtariyyəti. Başqa sözlə, İraqda hərbi əməliyyatlar başlayanda Qərb siyasiləri ölkənin 3 hissəyə - sünni, şiə və kürd ərazilərinə bölünməsini təklif edirdi. Bunu İraq və qonşu dövlətlər sərt qarşılasa da, indi buna o dərəcədə də əhəmiyyət verilmir. Oxşar şəkildə bölünmə indi Suriyanındır. Rusiyanın da bu prosesdə kürdlərə dəstək verməsi Türkiyə üçün yaranan təhdidi artırır. Başqa sözlə, Türkiyənin qonşuluğunda siyasi xəritə dəyişir. Belə vəziyyət isə Ankara üçün böyük təhdid deməkdir və Türkiyə bu gedişlə hərbi müdaxilə ilə yaranan təhlükəni önləyə bilər.
Nahid SALAYEV