Suriya prezidenti Bəşər Əsəd gözlənilmədən Moskvaya səfəri edib. Baki-xeber.com-xəbər verir ki, Əsəd səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb. Putinlə Əsəd oktyabrın 20-də bir araya gəlib, ancaq maraqlıdır ki, bununla bağlı məlumat Əsəd ölkəsinə döndükdən sonra, bu gün verilib.
Əsəd bildirib ki, Rusiyanın münaqişədə iştirakı terrorçuluğun yayılaraq daha təhlükəli olmasının qarşısını alıb.
Öz növbəsində cənab Putin bildirib ki, Suriya xalqı beynəlxalq terrorçuluğa qarşı mübarizədə bir neçə ildir demək olar ki, tək qalmışdı. "Onlar ciddi itkilərə məruz qalıb, lakin son vaxtlar döyüşlərdə nailiyyətlər əldə edilib,” o əlavə edib.
Cənab Əsədin gözlənilməz səfəri oktyabrın 20-də baş tutub. Artıq o, Dəməşqə geri qayıdıb.
Kreml tərəfindən hazırlanmış videoda cənab Putin ölkəsindəki dramatik vəziyyətə baxmayaraq, səfər etdiyi üçün Əsədə minnətdarlığını bildirib. O deyib ki, Moskva təkcə Suriya xalqına kömək etmək üçün deyil, həm də beynəlxalq terrorçuluğa qarşı mübarizə üçün savaşa qoşulub. Onun sözlərinə görə, Suriyada keçmiş Sovet İttifaqından təxminən 4000 nəfərin döyüşdüyü güman edilir: "Biz onların yenidən Rusiyaya geri dönməsinə imkan verə bilmərik”.
Əsəd Suriyanın birliyi və müstəqilliyi üçün qalxdığına görə Rusiyaya minnətdarlığını bildirib: "Terrorçuluq siyasi vəziyyətə real əngəldir”.
Hər iki siyasətçi böhranın siyasi həllinə ehtiyac olduğunu bildirib. Putin bildirib ki, Rusiya münaqişənin sülh yolu ilə həlli üçün töhvəsini verməyə hazırdır.
V. Putinin mətbuat katibi Dmitri Peskov isə deyib ki, görüşdə Rusiyanın Suriyada hərbi əməliyyatlarının davam etdirilməsi məsələsi müzakirə olunub.
D. Peskov danışıqların həm dar, həm də geniş formatda aparıldığını söyləyib. Geniş formatda keçirilən görüşdə Rusiya hakimiyyətinin yüksək vəzifəli nümayəndələri iştirak edib: "Danışıqlar kifayət qədər uzun oldu, mövzu isə hamıya aydındır”.
Rusiya keçən ayın əvvəli Suriyada hava zərbələrinə başlayıb. Moskvanın bildirdiyinə görə, onlar İslam Dövləti (İD) qruplaşmasını və Əsədə qarşı döyüşən digər silahlı qruplaşmaları hədəf alıblar.
Suriya dövlət televiziyası xəbər verib ki, Suriyada 2011-ci il vətəndaş müharibəsinin başlamasından sonra bu, Bəşər Əsədin ilk xarici səfəridir.
Bu arada, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Putinlə telefon əlaqəsi yaradaraq, dünən baş tutmuş Putin-Əsəd görüşü haqqında məlumat alıb. CNN Türkün xəbərinə görə, Ərdoğan Hələb şəhəri ətrafında keçirilən əməliyyatların yeni köç dalğası yaratmasından narahlığını dilə gətirib. Ərdoğan ayrıca PKK-nın Suriyadakı PYD/YPG qrupu ilə əlaqəsinə diqqət çəkdi, İŞİD-lə mübarizənin əhəmiyyətindən danışıb.
Əsədin İraq, İran hava sahəsindən istifadə edərək Rusiyaya getdiyi ehtimal olunur.