Məlum olduğu kimi, İran parlamenti ölkənin dünyanın altı qüdrətli dövləti ilə əldə ediyi nüvə razılaşmasını təsdiq edib. Qanunvericilər 161 lehinə, 59 əleyhinə səs verib, 13 qanunverici isə bitərəf qalıb.
ABŞ Konqresi razılaşmanın nəzərdən keçirilməsi prosesini keçən ay bitirib. Demokratlar respublikaçıların razılaşmanın əleyhinə səs vermək səylərinin qarşısını ala bilib. İran və Birləşmiş Ştatlar, Britaniya, Çin, Fransa, Rusiya və Almaniyadan ibarət qrup arasında razılaşma bir neçə dəfə müddəti uzadılan müzakirələrdən sonra iyul ayında əldə edilib. Razılığa əsasən, İran ölkə iqtisadiyyatını ciddi şəkildə zəiflətmiş sanksiyaların yüngülləşdirilməsi müqabilində nüvə proqramını məhdudlaşdırmalıdır. İran və Qərb arasında müzakirələr Tehranın nüvə silahı istehsal etmək üçün nüvə proqramını inkişaf etdirdiyi ilə bağlı iddiaları ünvanlamaq məqsədilə aparılırdı. İran bu iddiaları rədd edərək nüvə proqramının dinc xarakter daşıdığını təkid edirdi.
Razılığın həyata keçirilməsində növbəti mühüm addım Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə proqramının hərbi aspektləri ilə bağlı on ildən çoxdur apardığı təhqiqatın nəticələrinə dair hesabat olacaq. Beynəlxalq Atom Enerjisi Agentliyinin başçısı Yukiya Amano hesabatı dekabr ayının 15-də açıqlamalıdır. Beynəlxalq Atom Enerjisi Agentliyi İranın beynəlxalq nüvə razılığının şərtlərinə əməl edib-etməməsini monitorinq edir. İrana qarşı sanksiyalar yalnız təşkilatın Tehranın razılığa əməl etdiyini bildirməsindən sonra qaldırıla bilər.
Qanun layihəsinin parlament tərəfindən qəbul edilməsindən sonra İranın xarici işlər nazirinin müavini Abbas Əraqçı bildirib ki, hökumət oktyabrın 19-dan başlayaraq saziş üzrə görüləcək tədbirləri reallaşdırmağa başlayacaq.
Maraqlıdır, uzun müzakirələrdən sonra İran Parlamentinin sazişi təsdiqləməsindən sonra Şərqi və dünya neftini nə gözləyir?
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadə bunu bir neçə prizmadan dəyərləndirdi: "İranla Qərbin münasibətlərində yumşalmanın olması o demək deyil ki, Yaxın Şərqdə bütün problemlər tezliklə öz həllini tapacaq. Bunu iddia etmək çox çətindir. Əvvəla İranın bununla bağlı mövqeyi illərdir dəyişməz olaraq davam edir. İran İsraili inkar edir, Livanda "Hizbullah"a dəstək verir və eyni zamanda Əsəd rejiminin sadiq dəstəkçilərindən biridir. İranın asanlıqla bunları güzəştə gedəcəyini düşünmək çətindir. Ancaq, hər halda, bu istiqamətdə Qərblə İranın dialoqları daha da intensiv xarakter alacaq. İstənilən halda, heç bir danışığın olmamasındansa, müəyyən danışıqların olması daha məqsədəuyğundur. Biz də arzu edərdik ki, gərginlik aşağı düşsün. Çünki eyni regionda yerləşirik, milyonlarla soydaşımız cənubda yaşayır və s. Görünən odur ki, Yaxın Şərqin xəritəsi yenidən cızılır. İstəsək də, istəməsək də bu belədir. Qaldı ki, bunun neftin qiymətinə təsirinə, qiymətlər daha da aşağı düşə bilər. Çünki sanksiyalar götürüləndən sonra İran neftini dünya bazarına çıxaracaq və nəticədə təklif tələbi bir qədər də üstələyəcək. Bu da, öz növbəsində, neftin qiymətini daha da aşağı salacaq".