ABŞ müdafiə naziri Eşton Karter Rusiyanın Suriyadakı siyasətini "zərərli və destabilizasiya yaratmağa yönəlmiş siyasət” adlandıraraq bunun qarşısını almaq üçün bütün lazımi addımları atacaqlarını bəyan edib.
APA-nın "The Guardian”a istinadən verdiyi məlumata görə, Pentaqon rəhbəri bildirib ki, Rusiya prezidenti Vladimir Putin öz ölkəsini təcrid girdabına salıb və bu vəziyyəti yalnız öz siyasətində kardinal dəyişiklik edərək dəyişə bilər. "Biz Rusiyanın zərərli və destabilizasiyaya yönəlmiş təsirinin, onun təcavüz və məcburetmə siyasətinin qarşısını almaq üçün bütün lazımi addımları atırıq”, - deyə nazir Suriya və Ukraynada baş verənləri nəzərdə tutaraq söyləyib.
K. Eşton Rusiyanın Suriyada "yalançı strategiya” ilə çıxış etdiyini və Bəşər Əsədə dəstək verdiyini vurğulayaraq Moskva ilə bu məsəldə əməkdaşlıq etməyə hazırlaşmadıqlarını diqqətə çatdırıb.
Rusiya prezidenti Vladimir Putin ABŞ-ın dialoqdan imtina etməsinə münasibət bildirib. APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Putin bildirib ki, ABŞ-ın Rusiyanın Suriyadakı əməliyyatını tənqid etməsini və eyni zamanda dialoqdan qaçmasını anlamır: "Mən ABŞ-ın problemin siyasi həlli üçün vacib olan dialoqdan qaçdığı halda Rusiyanın Suriyada terrorizmlə mübarizə aparmasını tənqid etməsini anlamıram”, - deyə o bildirib.