Baki-xeber.com xəbər verir ki, bu barədə "Reuters”ə yerli hakimiyyət qurumlarının iki nümayəndəsi bildirib. Iddialara görə, İran attıq minlərlə hərbçisini Hələbə göndərib.
Məlumata görə, hücuma bir həftə öncə Hama şəhərində üsyançılarla döyüşlərdə iştirak etmiş hərbçilər də cəlb olunacaq. Mənbələr Əsədə dəstək vermək üçün əməliyyatda iştirak edəcək minlərlə İran əsgərinin də bölgəyə çatdığını bildirir: "Bölgədə böyük döyüş hazırlıqları getdiyi açıq görünür. Suriya ordusu geniş hazırlıqlara başlayıb. Hizbullah döyüşçüləri və son günlərdə hissə-hissə buraya gəlmiş minlərlə iranlı hərbçi də hazır vəziyyətə gətirilib".
Məlumata görə, irimiqyaslı döyüşə hazırlıq artıq yekunlaşıb, hazırda Suriya ordusunun bütün qüvvələri, "Hizbullah” şiə hərəkatının ən peşəkar döyüşçüləri səfərbər edilir, əsas rolun İran hərbçilərinə veriləcəyi planlaşdırılıb.
Suriya hökumətinə yaxın mənbə də Hələbdə əməliyyat qərarı verildiyini və minlərlə iranlı əsgərin Suriyada olduğunu və döyüşlərdə əsas rolu oynayacaqlarını bildirib. Hücumun yaxın vaxtda başlayacağı bildirilir.
Qeyd edək ki, Türkiyə sərhədinə yaxın bölgədəki Hələb şəhəri və ətrafı Dəməşq rejimi, Əsədə qarşı döyüşən müxaliflər və İŞİD arasında bölünmüş vəziyyətdədir.
Bu arada, İranın xarici işlər nazirinin müavini Hüseyn Əmirabdullahian Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşündən sonra jurnalistlərə bildirib ki, İranın regiondakı böhranlar, xüsusi ilə Suriyadakı böhranın həlli üçün təqdim etdiyi təkliflər tam razılaşdırıldıqdan sonra siyasi plan kimi təqdim olunacaq (Trend).
H.Əmirabdullahian deyib ki, gələn həftə Suriyanın Xarici İşlər nazirinin müavini Feysəl Miqdad İrana səfər edəcək və Tehranda bu layihə haqqında danışıqlar aparılacaq: "Avropa İttifaqının ali nümayəndəsi, Rusiya prezidenti və XİN-i və regiondakı bəzi dostlarımızla apardığımız müzakirələrin nəticəsi olaraq, təkliflərimiz siyasi bir plan kimi təqdim olunacaq və detallar açıqlanacaq”.
H.Əmirabdullahian deyib ki, Suriyanın hazırkı böhrandan çıxış yolu üçün İranın təkliflər paketi xarici işlər naziri Məhəmməd Cavad Zərifin Suriyaya son səfərində bu ölkənin prezidenti Bəşər Əsədə təqdim olunub.
İranın XİN başçısının müavininin sözlərinə görə, həm Avropa Birliyi və həm də fikir mübadiləsi aparılan digər tərəflər Suriya böhranının həllində maraqlıdırlar.