Moskva Dağlıq Qarabağ münaqişəsi tərəflərini kompromis əldə etmək üçün güc tətbiqindən imtinaya və siyasi iradə göstərməyə çağırır. Trend-in RİA Nosvosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
M.Zaxarova bildirib ki, təəssüf ki, siyasi dialoqun bərpa edilməsi münaqişə zonasında vəziyyətin gərginləşməsi, o cümlədən dinc əhali arasında qurbanların sayının artması ilə çətinləşir: "Bundan sonra eskalasiya yolverilməzdir. Tərəfləri kompromis əldə etmək üçün güc tətbiqindən imtinaya və siyasi iradə göstərməyə çağırırıq".
M.Zaxarova qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Azərbaycan və Ermənistan XİN rəhbərlərinin cari ilin aprel-may aylarında Moskvaya səfərləri zamanı ətraflı nəzərdən keçirilib: "Bu məsələ Sergey Lavrovun xarici həmkarları ilə mövcud təmaslarının da mövzusudur. Biz ABŞ və Fransa ilə bu istiqamətdə qarşılıqlı formada sıx fəaliyyət göstəririk. Bu yaxınlarda BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Rusiyanın xarici işlər naziri ATƏT-in Minsk Qrupu ilə görüş keçirdi. Görüşdə həmsədrlərin bu ay regiona səfəri ərəfəsində nizamlanmanın praktiki məsələləri nəzərdən keçirilib".
Mariya Zaxarova deyib ki, terrorla mübarizədə əsas məqsədimizə çatmaq üçün bütün ölkələrlə əməkdaşlıq etməyə hazırıq. M. Zaxarova terrorla mübarizəni daha səmərəli etmək üçün Rusiyanın Azərbaycan, Türkiyə və İranla birgə əməkdaşlığa hazır olduğunu bildirib: "Nəyinki bu ölkələrlə terrorla mübarizədə əməkdaşlığa hazırıq, bununla bağlı müvafiq dialoq da aparırıq. Müxtəlif səviyyələrdə danışıqlarda terrorla mübarizədə birgə əməkdaşlıq müzakirə olunur. Bir daha qeyd etmək istəyirəm ki, terrorla mübarizədə əməkdaşlıqda Rusiyanı heç bir limiti yoxdur. Bu mövzuda hər zaman dialoq aparmışıq, bundan sonra da dialoq aparacağıq”.
Rusiyalı diplomat qeyd edib ki, Türkiyədə baş verən qanlı terror aktı terrora qarşı mübarizədə güclərin koordinasiyasının vacib olduğunu göstərir.