Rusiyanın Suriyada başlatdığı hərbi hava əməliyyatları davam edir. Əməliyyatların 3-cü günündə rus döyüş təyyarələri Suriyada 18 hədəfi bombalayıb. Suriya dövlət televiziyasının yaydığı məlumata görə, İdlib, Hama və Hələb bombalanıb. Televiziya İŞİD mövqelərinin hədəf alındığını deyir, ancaq İŞİD bu üç şəhərdən yalnız Hələbin şimalına nəzarət edir.
Baki-xeber.com xəbər verir ki, Rusiyanın İran, İraq və Əsəd rejiminin də daxil olduğu yeni koalisiya yaradılması istiqamətində fəaliyyətə başladığına dair xəbərlər yayılıb. Bu çərçivədə Bəşər Əsəd rejiminin dayağı olan sahil bölgəsindəki Hama və Humus şəhərlərini havadan hədəf alan Rusiyanın İran və Hizbullahın iştirakı ilə yerüstü əməliyyat planlaşdırdığı bildirilir. Əməliyyatlarda iştirak etmək üçün artıq İran da Suriyaya ordu göndərib. "Reuters”in məlumatına görı, son 10 gündə yüzlərlə iranlı əsgər Suriyaya girib. Onların birbaşa döyüşlərdə iştirak etmək üçün göndərildiyi bildirilir: "İran ordusunun əsas qüvvələri Suriyaya gəlməyə başlayıb, bu hücumda xüsusilə əsgərlər və zabitlər iştirak edəcək. Onlar əvvəlkilər kimi məsləhətçi deyillər... Hazırlıqlı və silahlı yüzlərlə əsgərdən söhbət gedir. İran Suriyaya daha çox əsgər göndərəcək".
Əsgərlərin Suriyaya özü ağır silahlar gətirdiyini deyən mənbələr, Livandakı Hizbullah döyüşçüləri və iraqlı şiələrin də onlara qoşulacağını bildirir. Əsgərlərin Rusiyanın qırıcılarla hava dəstəyilə koordinasiyalı şəkildə hərbi əməliyyatlara başlayacağı qeyd edilir.
Livanlı qaynaqlara görə, tərəflər Rusiyanın rəhbərliyilə Əsədin şimalda itirdiyi torpaqları Fəth Ordusunda geri almaq üçün böyük bir əməliyyat hazırlıqlarına da başlayıb. Mənbələr Livan Hizbullahının da hazırlıqlara başladığını iddia edir.
"Əl-Qaidə”nin Suriya qolu "Əl Nusra Cəbhəsi” və sələfi "Ahrar'uş Şam” təşkilatlarının ittifaqı olan "Fəth Ordusu” bu ilin əvvəlində Lazkiyə yaxınlığında İdlib şəhəri və daha bir qəsəbəni ələ keçirmişdi.
Bu arada, Rusiya Xarici İşlər Nazirliyi İraq hökumətindən tələb gəlirsə İŞİD-in bu ölkədəki mövqelərini də vura biləcəklərini açıqlayıb. İraq baş naziri Heydər İbadi isə İŞİD-ə qarşı əməliyyatlar haqqında Suriya və Rusiyadan məlumat almağa davam etdiklərini bildirib. O, Rusiyanın ölkəsində İŞİD mövqelərinə qarşı əməliyyat keçirmək niyyətini məmnunluqla qarşıladığını deyib. Ancaq Abadi bunun hələlik bir ehtimal olduğunu, belə bir təklif alsalar bunu dəyərləndirəcəklərini deyib.
Rusiyanın Lazkiyədəki bazaya göndərdiyi hərbi avadanlıq da, Suriyada başlatdığı hava əməliyyatı ilə bağlı suallar yaradır. Peyk görüntülərində ortaya çıxan Rusiyanın SU-30 Flanker təyyarələri, havadan havaya hücum xüsusiyyəti daşıyır. Suriyada hava gücü olan bir üsyançı qrup olmadığı üçün bu təyyarələrin daha geniş bir strategiya çərçivəsində bazaya göndərildiyi ortaya çıxır.
Rusiya analitiki Vadim Nikitinə görə, Rusiya prezidenti Vladimir Putinin Suriyadakı hava əməliyyatlarının qısa müddətli məqsədi Bəşər Əsəd rejimini qorumaqdır. Putinin uzun müddətli məqsədi isə, Suriyanın sahil boyu varlığını qorumaqdır. Rusiyanın sahil boyu varlığı bu günə qədər Əsəd ailəsi tərəfindən zəmanət altına alınmışdı. Ancaq Nikitin Rusiyanın uzunmüddətli hədəfinin Əsəd ailəsi və ya Suriya hakimiyyəti ilə məhdud olmadığı fikrindədir.