Məhəmməd Əsədullazadə: “Bütün bunlar regionda sülh və sabitliyin dayanıqlı təmin edilməsinə xidmət edir”
Ermənistanın beynəlxalq internet trafiki Azərbaycan üzərindən tranzit olunacaq. "AzerTelecom" MMC "Telecom Armenia" şirkəti ilə bu barədə müqavilə imzaladığını açıqlayıb. Bildirilir ki, bununla da Ermənistanın beynəlxalq internet bağlantısı Azərbaycan üzərindən təmin ediləcək.
Şirkətdən verilən məlumata görə, bu cür razılaşmalar regionda bağlantı marşrutlarının diversifikasiyasına, telekommunikasiya şəbəkələrinin etibarlılığının artırılmasına və bu sahədə əməkdaşlığın inkişafına xidmət edir.
Ötən ilin oktyabrından Azərbaycan üzərindən yük daşımalara razılıq verilib. Həmçinin Azərbaycan Ermənistana yanacaq satır. İndi də Ermənistanın beynəlxalq internet trafiki Azərbaycan üzərindən tranzit olunacaq. Görünən odur ki, Ermənistanın rəqəmsal industriyası da Azərbaycandan asılı vəziyyətə düşür. Ümumən, bütün bunları ekspertlər necə dəyərləndirir?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Azərbaycanla Ermənistan arasında sülh prosesi başlayıb, normallaşma gedib: “Azərbaycan üzərindən Ermənistana tranzit daşımalar həyata keçirilir. Beynəlxalq internet trafiki də Azərbaycan üzərindən getdiyinə görə, Ermənistan bir çox məsələlərdə Azərbaycandan asılı olacaq. Təbii ki, bütün bunlar regionda sülh və sabitliyin dayanıqlı təmin edilməsinə xidmət edir. Axır ki, Ermənistan yaranan yeni reallıqları qəbul etdi. Regional iqtisadi inteqrasiyada artıq iştirak edir. Təbii ki, bu, Azərbaycanın apardığı sistemli və məntiqli siyasətin nəticəsidir. "AzerTelecom" MMC-nin "Telecom Armenia" şirkəti ilə birgə əməkdaşlığı bir artıq yeni mərhələ açır. Azərbaycan artıq internet sahəsində də Ermənistana yönəlik blokadanı aradan qaldırır. Bu, tərəflər arasında etimadın möhkəmlənməsinə, yekun sülh müqaviləsi istiqamətində tərəflər arasında siyasi iradənin olduğunun göstəricisidir. Ümumi götürdükdə isə, təbii ki, Ermənistan Azərbaycanla müxtəlif sahələrdə - enerji, nəqliyyat, həmçinin kənd təsərrüfatı və internet sahəsində əməkdaşlıq etməklə Rusiyadan asılılığını minimuma endirir. Yəni proses bundan ibarətdir. Hesab edirəm ki, Cənubi Qafqazda formalaşan sülh Azərbaycanın təşəbbüsüdür və Ermənistan da artıq bunun bəhrəsini görür. Üstəlik, Ermənistan artıq forpost ölkə statusundan azad olur. Bir sözlə, bütün bunlar Ermənistan üçün bir şansdır”.
Vidadi ORDAHALLI