Bəhruz Quliyev: “Bu, Xəzər hövzəsinin və Orta Dəhlizin geosiyasi əhəmiyyətinin daha da artması baxımından mühüm hadisədir”
Prezident İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla mətbuata bəyanatında bildirib ki, həm artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik:
“Bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu, böyük nailiyyətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik”.
Ümumilikdə, sözügedən razılaşmanın əhəmiyyətini ekspertlər necə dəyərləndirir?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən “SƏS” qəzetinin baş redaktoru, politoloq Bəhruz Quliyevin fikrincə, əldə edilən razılaşmalar təkcə iqtisadi əməkdaşlığın genişlənməsini əhatə etməyəcək: “Prezident İlham Əliyelə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov arasında əldə olunan razılaşma təkcə iki ölkə arasındakı iqtisadi əməkdaşlığın genişlənməsi deyil, bütövlükdə Xəzər hövzəsinin və Orta Dəhlizin geosiyasi əhəmiyyətinin daha da artması baxımından mühüm hadisədir. Bu gün dünya nəqliyyat xəritəsində ciddi dəyişikliklər baş verir. Ənənəvi marşrutların bir qismi müxtəlif siyasi və hərbi risklərlə üzləşdiyi bir vaxtda Azərbaycan və Türkmənistanın formalaşdırdığı etibarlı nəqliyyat-logistika əməkdaşlığı Avrasiya məkanında yeni imkanlar yaradır. Prezident İlham Əliyevin vurğuladığı kimi, müasir dövrdə nəqliyyat layihələrini siyasətdən ayrı təsəvvür etmək mümkün deyil. Məhz Bakı ilə Aşqabad arasında formalaşmış qarşılıqlı etimad və siyasi dialoq iqtisadi layihələrin uğurla həyata keçirilməsinin əsas təminatıdır”.
Politoloq onu da qeyd etdi ki, Azərbaycan son illərdə Şərqlə Qərbi birləşdirən əsas tranzit mərkəzlərindən birinə çevrilib: “Türkmənistan isə Mərkəzi Asiyanın mühüm nəqliyyat qovşaqlarından biridir. Bu iki ölkənin səylərinin birləşdirilməsi Orta Dəhliz boyunca yükdaşımaların həcmini artırmaqla yanaşı, üçüncü ölkələrin də bu marşruta marağını gücləndirəcək. Bu isə həm regional iqtisadi inteqrasiyanın dərinləşməsinə, həm də iştirakçı ölkələrin gəlirlərinin artmasına xidmət edəcək. Digər mühüm məqam ondan ibarətdir ki, Azərbaycan və Türkmənistan arasında əməkdaşlığın güclənməsi Xəzər regionunda sabitlik, təhlükəsizlik və qarşılıqlı faydalı tərəfdaşlıq modelinin möhkəmlənməsinə töhfə verir. Bu gün Bakı və Aşqabad arasında qurulan münasibətlər təkcə ikitərəfli deyil, həm də geniş Avrasiya məkanında strateji əhəmiyyət daşıyan əməkdaşlıq nümunəsidir. Bütün bunlar göstərir ki, əldə olunan razılaşma yaxın illərdə həm Azərbaycan, həm Türkmənistan, həm də bütövlükdə region üçün yeni iqtisadi imkanlar açacaq və Orta Dəhlizin qlobal ticarət sistemində rolunu daha da gücləndirəcək”.
Vidadi ORDAHALLI