Fikrət Yusifov: “Türkmənistan qazı Çinə Avropa bazarında mövcud olan qiymətlərdən 2 dəfə ucuz satılır”
Məlum olduğu kimi, Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanda rəsmi səfərdə olub. İki ölkə arasında energetika, sənaye, gömrük, kənd təsərrüfatı, səhiyyə, sosial müdafiə və xarici siyasət sahələrində bir sıra mühüm sənədlər qəbul olunub. Azərbaycan-Türkmənistan yaxınlaşması mütərəqqi hadisədir.
Maraqlıdır, bütün bu yaxınlaşmalar Transxəzər qaz kəmərinin çəkilişində Türkmənistanın lazımı iradəni ortaya qoymasında necə rol oynayacaq?
Məsələ ondadır ki, Avropa Azərbaycandan daha çox qaz almaq istəyir. Azərbaycanın da bununla bağlı imkanları Rusiya, Türkmənistan qədər böyük deyil. Azərbaycan dəfələrlə bəyan edib ki, türkmən qazını Avropaya ötürə bilərik. Ancaq gərək bunun üçün Xəzər dənizinin dibi ilə Türkmənistandan Azərbaycana yeni qaz kəməri çəkilsin. Prezident Əliyev də dəfələrlə bəyan edib ki, bu, bizim işimiz deyil. Bu təşəbbüslə bilavasitə qazın sahibi olan ölkə çıxış etməlidir. Yəni Türkmənistan. Türkmənistan da indiyə qədər Rusiya amilinə görə bununla bağlı hər hansı təşəbbüslə çıxış etməyib. Lakin indi kəmərin çəkilişi ilə bağlı yeni şərait yaranıb. Yəni lazımdır ki, Türkmənistan təşəbbüskarlıq göstərsin və Xəzərin dibi ilə qaz kəməri çəkilsin. Yəni Türkmənistanın qazı Azərbaycan üzərindən Avropaya nəql edilsin. O baxımdan bu yaxınlaşma Transxəzər qaz kəmərinin çəkilişində Türkmənistanın lazımı iradəni ortaya qoymasında necə rol oynayacaq?
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən sabiq maliyyə naziri, professor Fikrət Yusifov buna bir neçə prizmadan yanaşdı: “Türkmənistan dünyada ən böyük qaz ehtiyatı olan ölkələrdən biridir. Bir ildə təxminən 75 -77 milyard kubmetr qaz hasil edən ölkə bu qazın 45 milyard kubmetrə qədərini ixrac edir. Bu həcmin təxminən 40 milyard kubmetrə qədəri Mərkəzi Asiya - Çin boru kəməri vasitəsilə Çinə ixrac olunur. Rusiya da öz növbəsində hər il Türkmənistandan 4-5 milyard kubmetr qaz alır. Bu gün sanksiyalar səbəbindən Rusiya qazının Avropa bazarlarına çıxışı minimum həddə qədər azaldılıbdır. Avropa İttifaqının Rusiya qazından tam imtina barədə qəbul etdiyi qanunla 2027-ci ilin yanvar ayının 1-dən etibarən Rusiya maye qazının idxalı, 30 sentyabr 2027-ci ildən isə Rusiyadan boru kəməri vasitəsilə ötürülən qazın idxalı tam dayandırılacaq”.
Professorun fikrincə, hal-hazırda Avropa bazarında əsas oyunçulardan biri Norveçdir: “Norveç Avropa bazarının qaza olan tələbatının 30%-ə qədərini təmin edir. Rusiyanın payı isə Ukrayna ilə müharibədən əvvəlki 45%-dən 12%-ə enib və ya haradasa 3 dəfəyə qədər azalıbdır. Bu gün Avropa bazarında qazın 1000 kubmetrinin qiyməti 450-500 dollar arasında dəyişir. Türkmənistan isə qazın 1000 kubmetrini Çinə ortalama 240 dollara satır. Deməli, Türkmənistan qazı Çinə Avropa bazarında mövcud olan qiymətlərdən 2 dəfə ucuz satılır. Bu halda Türkmənistan Xəzər dənizindən keçməklə öz qazının Azərbaycan üzərindən Avropa bazarlarına çıxarılmasında tam maraqlı olmalıdır. Bunun üçün konkret addımlar atmalıdır, səy göstərməlidir. Edəcəkmi? Bunu görəcəyik. Digər bir məsələ isə Avropa İttifaqının bu məsələdəki mövqeyi ilə bağlıdır. Avropa İttifaqı yaxın bir ildə Rusiya qazından tam imtina edəcəyini nəzərə alıb, özünün qaz bazarının etibarlı şəkildə şaxələndirilməsinə çalışmalıdı. Bu yolda ən yaxşı variantlardan biri və bəlkədə birincisi Türkmən qazının Azərbaycan və Türkiyə üzərindən Avropaya nəql edilməsi ola bilər. Ona görə də Avropa İttifaqı bu məsələdə marağını ortaya qoymalı, Türkmənistandan çəkiləcək Transxəzər qaz kəmərinin tikintisinin maliyyələşdirilməsinə dəstək verməlidir”.
Vidadi ORDAHALLI