Ermənistanın Baş naziri Nikol Paşinyan dəvət olunarsa, Moskvaya səfər edəcəyini bildirib. Jurnalistlərin suallarını cavablandıran hökumət başçısı iyun ayında Rusiyaya mümkün səfəri ilə bağlı əvvəlki açıqlamasına münasibət bildirib.
“Belə bir qarşılıqlı anlaşma var idi, amma səfər üçün rəsmi dəvət tələb olunur. Əgər dəvət alsam, gedəcəm. Əlbəttə ki, bundan imtina etməyəcəyəm”, - deyə Paşinyan bildirib.
Rusiya prezidenti Putinin niyə hələ də onu parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik etməməsi ilə bağlı suala cavab olaraq isə baş nazir belə cavab verib: "Ümid edək ki, təbrik edəcək".
Xatırladaq ki, aprel ayında Paşinyan Ermənistan və Rusiya arasında növbəti yüksək səviyyəli görüşün 2026-cı ilin iyun ayının ikinci yarısında keçirilməsinin planlaşdırıldığını bildirmişdi.
Onu da qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin yekun nəticələr açıqlanana qədər Ermənistandakı seçkiləri qiymətləndirməkdən çəkindiyini bildirmişdi.
Ermənistanda parlament seçkiləri iyunun 7-də keçirilib.
Tahir TAĞIYEV