Ramil Hüseynov: “Müxalifət liderlərini həbsə atmaqla Paşinyan mövqelərini möhkəmləndirməyə çalışır”
Ermənistanda keçirilən parlament seçkilərindən sonra müxalifət fəallarına və deputatlığa namizədlərə qarşı hüquqi təqiblər daha da genişlənib. Ölkənin İstintaq Komitəsi rusiyalı milyarder Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” blokuna qarşı irimiqyaslı əməliyyat keçirib.
Xüsusilə külli miqdarda çirkli pulların yuyulması və seçicilərin maddi şirnikləndirilməsi (seçki rüşvəti) ilə bağlı açılmış cinayət işinin ibtidai istintaqı çərçivəsində “Güclü Ermənistan” partiyasının deputatlığa namizədləri saxlanılıb. Ermənistan İstintaq Komitəsinin yaydığı rəsmi bəyanata əsasən, saxlanılan namizədlər barəsində artıq məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, Ermənistanda müxalifət liderlərindən olan Qaqik Tsarukyana qarşı xüsusilə külli miqdarda vergi ödəməkdən yayınma maddəsi ilə cinayət işi başladılıb. Qətimkan tədbiri olaraq Tsarukyanın ölkədən çıxışına qadağa qoyulub.
Nə baş verir? Hakimiyyətin bunda məqsədi nədir?
Sözügedən məsələyə aydınlıq gətirən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynovun fikrincə, aparılan həbs kampaniyasında bir neçə məqsəd var: “Əvvəla, Qərb mediasının geniş kampaniyasına rəğmən, Ermənistanda keçirilən seçkilər heç də demokratik mühitdə keçirilmədi. Bir sıra hallarda elə rəy yaradılır ki, guya Ermənistanda ən demokratik seçki keçirilib. Reallıqda isə bu, heç də belə deyil. Seçki kampaniyası dövründə Paşinyan bu və ya digər formada inzibati resurslardan istifadə edib. Kampaniyanın qızğın vaxtında bir neçə müxalif fəal saxlanılıb. Bununla yanaşı, müxalifət iddia edir ki, seçkilər saxtalaşdırılıb. Seçkilərdən sonra bəzi müxalifət liderlərinin həbsinə gəldikdə isə, Paşinyan bununla mövqelərini möhkəmləndirməyə çalışır. Çünki yaxşı bilir ki, indidən gərəkən qabaqlayıcı addımları atmasa, Rusiyaya bağlı müxalifət yenidən toparlanacaq. Məsələ ondadır ki, həm Karapetyan, həm də Köçəryanla Tsarukyan böyük maliyyə imkanlarına malikdir. 3 milyon əhalisi olan Ermənistan kimi kiçik ölkə üçün müxalifətin böyük maliyyə imkanlarına malik olması Paşinyan hakimiyyəti üçün təhlükədir. Paşinyan yaxşı bilir ki, Rusiya həmin qüvvələrin arxasından çəkinməyəcək. Ona görə də inzibati yollarla onları zərərsizləşdirməyə çalışır. Onsuz da həmin müxalifət liderləri yetərincə qanun pozuntusuna yol veriblər və onları içəri salmaq üçün əsas var”.
Vidadi ORDAHALLI