Məhərrəm Zülfüqarlı: “Rus xalqı öz sözünü deməli və Putini müharibəni dayandırmağa məcbur etməlidir”
Ukrayna dronları Rusiyanın bir sıra şəhərlərində həyatı dondurub. Son vaxtlar Ukrayna dron hücumlarını şiddətləndirib. Qara dəniz sahilində yerləşən Soçi şəhərində turizm mövsümü alt-üst olub. Dronlar üzündən şəhərin qala limanı qapadılıb. 3 gündür ki, minlərlə insan hava limanı ətrafında ilişib qalıb.
Bu arada Gürcüstanın separatçı Abxaziya bölgəsi dron hücumları üzündən Rusiya ilə sərhədi bağlayıb. Belqorodda partladılmış silah anbarı hələ də yanmağa davam edir. Novorossiysk və Peterburqda da insanlar gecələr yata bilmir. Rusiyanın yay hücumu fiaskoya uğrayıb. Ukrayna hökuməti bildirib ki, 2026-cı il başlayandan bu yana 600 kvadrat kilometr sahə Rusiya işğalından azad edilib. Daha nə baş verməlidir ki, Putin müharibəni dayandırsın?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlının fikrincə, Rusiyada mövcud olan Putinin avtoritar rejimi başqa qonşu ölkələrin əhalisi kimi rus xalqını da faciələrə düçar edib: “Putin kimi bir sərsəmin yeritdiyi siyasətə qarşı indiyənə qədər rus xalqının etiraz səsini ucaltmaması, belə təhlükəli şəxsi hakimiyyətdən uzaqlaşdırmaması faciələrin əsasını təşkil edir. Məsələn, 1933-cü ildə Hitlerin Nasional Sosialist Partiyası Almaniyada hakimiyyətə gəlməsi ilə dünyanı dünya ağalığı siyasəti ilə hədələdi. O zaman indiki Rusiyada Putinə qarşı çıxanlardan qat-qat çox almanlar Hitlerin siyasətinə etiraz ediblər, həbsə düşüb canlarını fəda ediblər. Ancaq çox təəssüf ki, bu gün Rusiyada çox az sayda əhali müharibəyə etiraz edir. Bax bu acınacaqlı vəziyyətin yaranması, faciələrin baş verməsinin əsas səbəbi Rusiyadakı rejimdir. O cümlədən, Putinin ətrafının ona təsir etmək imkanının demək olar məhdud olmasıdır. Azərbaycanda 80-ci illərin sonlarında milli azadlıq hərəkatının rəhbərlərindən biri demişdi ki, əgər bu gün Rusiyadakı rejim bizi qırırsa, vaxt gələcək o silahı öz xalqına qarşı da çevirəcək. Yəni öz hakimiyyətini qoruyub saxlamaq üçün. O vaxt uzaqgörənliklə deyilmiş bu fikir, bu gün özünü doğruldur. Rusiya Əfqanıstanda, Azərbaycanda, Çeçenistanda müsəlman əhalini qırırdısa, indi öz xalqını qırğına verir. Söhbət Rusiya-Ukrayna müharibəsində rusların verdiyi böyük itkilərdən gedir. Həm slavyan millətindən olan ukraynalıları öldürür, həm də rusları qırğına verir. Hesab edirəm ki, bu iyirmi birinci əsrin faciəsidir. Müsbət hal ondan ibarətdir ki, Putinin sərsəm siyasətə söykənən planları baş tutmadı. Çünki Rusiya qısa müddətdə Ukraynanı işğal etsəydi, sonra Qazaxıstanı işğal edərdi. Daha sonra tədricən keçmiş SSRİ ölkələrini öz totalitar rejimi altında birləşdirməyi fikirləşirdi. Ancaq qəhrəman Ukrayna xalqı bunun qarşısını aldı. İndi isə Putin etdiyi cinayətlərin cavabını alır. Putinin yeritdiyi siyasət Rusiya üçün faciələrlə nəticələnir. Hesab edirəm ki, indinin özündə rus xalqı öz sözünü deməli və Putini müharibəni dayandırmağa məcbur etməlidir. Həmçinin bu mənfur rejimdən xilas olmalıdır. Hətta Putinin ətrafında olan korrupsionerlər belə onun siyasətindən narazıdır. Çünki Putin onlara qarşı da embarqo qoyub və onların Qərbdə olan vəsaitləri dondurulub. Onlar illərlə oğurluqla yığdıqları pullardan istifadə edə bilmirlər. Təbii ki, bütün bunlar onların Putindən narazılığına gətirib çıxara bilər, amma onlar hələ də dözürlər. Fikrimcə, yaxın gələcəkdə iflasa uğrayan Putin siyasəti öz nəticələrini verəcək. Yəni Putin kimi bir dünyanı nüvə müharibəsi ilə hədələyən sərsəm siyasətçi hakimiyyətdən gedəcək. Yaxın gələcəkdə bunun baş verməsi ehtimalı böyükdür”.
Vidadi ORDAHALLI