Xaqani Cəfərli: “Konstitusiyanı dəyişməsə Azərbaycanın sülh sazişini hansı şərtlər çərçivəsində imzalaya biləcəyi tam aydın deyil”
Ermənistan parlament komissiyasının iclasında çıxış edən Baş nazir Nikol Paşinyan bildirib ki, yaxın vaxtlarda Azərbaycanla sülh sazişini imzalamaq niyyətindədir.
Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Baş nazir deyib ki, “Bu istiqamətdə işlər görəcəyik”.
Paşinyan mümkün qədər tez müddətdə Azərbaycanla saziş imzalanacağını deyib. Bu bəs necə olacaq? Konstitusiya dəyişməsə sülh sazişi necə imzalanacaq? Konstitusiyanı dəyişməsə Azərbaycan Ermənistanla saziş imzalamaz. Yəqin Konstitusiyası dəyişəcəklər ki, Paşinyan belə deyib?
Politoloq Xaqani Cəfərli baki-xeber.com-a bildirdi ki, son parlament seçkilərindən sonra sülh sazişinin imzalanması hazırkı şərtlər çərçivəsində mümkün görünmür: “ Paşinyan hakimiyyətini qoruya bilsə də, parlamentdəki konstitsion çoxlu itirib. Yəni, Azərbaycanın konstitusiyaya dəyişiklik etmək tələbini Paşinyan indiki parlamentdə həyata keçirməsi mümkün görünmür. Referendum isə vaxt alacaq və nəticəsi də bəlli deyil. Bunu Paşinyan da bilir.
Konstitusiyanı dəyişməsə Azərbaycanın sülh sazişini hansı şərtlər çərçivəsində imzalaya biləcəyi tam aydın deyil. Əlbətdə, diplomatlar həmişə çıxış yolu tapa, sülh sazişinin imzalanmasını mümkün edən formullar tapa bilərlər. Sülh sazişi imzalanmadan bölgədə sabitlik kövrək olaraq qalacaq ki, bu bölgəyə iri miqyaslı sərmayələrin gəlməsinə imkan verməyəcək”.
X.Cəfərlinin sözlərinə görə, üstəlik, Orta Dəhlizinin işləkliyini təmin edəcək TRIPP layihəsinin gələcəyi şübhə altına düşəcək. “Bu isə ABŞ-ın Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı planlarına zərbə vura bilər. Buna isə Vaşinqton imkan verməz. Qənaətimcə, diplomatlar Azərbaycanın şərtlərinin təmin olunmasını mümkün edən formullar tapacaqlar”-deyə X.Cəfərli qeyd etdi.
İradə SARIYEVA