Türkiyə və Azərbaycan Ermənistanı Rusiyadan və Avrasiya İqtisadi Birliyindən ayırmaq üçün İrəvana "dəstək göstərməyə" hazırdır.
Bunu rusiyalı politoloq Andrey Areşev "Rossiya Seqodnya" informasiya agentliyində keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti tərəfindən elan edilən Avropaya inteqrasiya nəticə etibarilə Türkiyə və Azərbaycanın regionda iqtisadi təsirinin artmasına səbəb olacaq. O əlavə edib ki, İrəvanın elan etdiyi Avropa kursu real məzmundan məhrumdur və "informasiya şantajı"na bərabərdir: "Brüssel fərdi qrant proqramlarını, məsələn, bu yaxınlarda vəd edilmiş 50 milyon avronu verəcək, lakin bu vəsait Ermənistanın AİB-ə üzvlüyündən əldə etdiyi faydalarla müqayisə edilə bilməz. Postsovet məkanındakı bəzi siyasi rejimlər təbiətcə ideolojidir. Onlar iqtisadi rifaha obyektiv şəkildə zərər verən, lakin ideoloji ehkamları təşviq edən siyasəti davam etdirə bilərlər. Və bu ehkamlar təkcə Avropa vektoru ilə deyil, həm də müəyyən dərəcədə alternativ təklif etməklə erməni istehsalçılarını dəstəkləyə biləcək Türkiyə və Azərbaycanla ticarət və iqtisadi əlaqələrin dərinləşməsi ilə bağlıdır”. Onun fikrincə, söhbət sırf nominal alternativdən gedir, lakin ideoloji cəhətdən motivasiya olunmuş hökumətlər üçün bu, kifayətdir.
Tahir TAĞIYEV