Rusiya Ermənistana Avropa İttifaqının faktiki olaraq hərbi ittifaqa çevrildiyini çatdırmağa çalışır. Bu açıqlamanı Rusiya baş nazirinin müavini Aleksey Overçuk "Vesti" xəbər xidməti üçün Pavel Zarubinlə müsahibəsində verib.
Overçukun sözlərinə görə, Moskva İrəvanın diqqətini açıq şəkildə düşmənçilik mövqeyini bildirən Aİ-nin Rusiyaya münasibətinə cəlb edib və cəlb etməkdə davam edir: "Biz bu barədə Ermənistanla daim və illərdir danışırıq. Təbii ki, bütün bunlar qapalı qapılar arxasında baş verib; biz bunu ictimaiyyətə açıqlamaq istəmirdik. Biz Avropa İttifaqının bu gün artıq əvvəlki iqtisadi inteqrasiya birliyi olmadığı barədə danışdıq. Bu gün isə bu, faktiki olaraq hərbi-siyasi ittifaqa çevrilmiş, ölkəmizə qarşı düşmənçiliyini açıq şəkildə bildirən bir birlikdir. Və əlbəttə ki, biz bu diqqəti erməni həmkarlarımıza, dostlarımıza və müttəfiqlərimizə yönəltmişik və cəlb etməyə davam edirik, ona görə də onlar nə etdikləri barədə düşünürlər". Overçuk əvvəllər bildirmişdi ki, Ermənistan Avropa İttifaqının ölkənin iqtisadi inkişafı üçün daha yaxşı şərait yaradacağına inanır, lakin hazırda Aİ iqtisadi inteqrasiya birliyi deyil, hərbi-siyasi blokdur.
Hazırda görünən budur ki, Kreml Ermənistanda uğursuzluğa məhkum bir döyüş aparır. Onun şantajının əsas elementi “Cermuk” suyu və ya erməni konyakı deyil, Azərbaycanın geri qaytardığı Qarabağ üzərində nəzarət idi. Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə, əslində Ermənistanı da Rusiyanın təsirindən əhəmiyyətli dərəcədə xilas edib. İndi Moskva Ermənistan üzərində nəzarəti itirərsə, Qafqaz üzərində də nəzarəti itirəcək. Bolşeviklərin yüz il əvvəl bu bölgəyə qayıtmaq üçün yaxşı səbəbləri var idi: onlar təkcə erməniləri, azərbaycanlıları və gürcüləri nəzarətdə saxlamaqla yanaşı, həm də sonradan hətta qismən Sovet İttifaqı tərəfindən işğal edilmiş Türkiyə və İranı şantaj etmək istəyirdilər. Amma indi durum dəyişib. Rusiya Cənubi Qafqazı tərk edir, əvəzində Qərb burada güclənir.
Tahir TAĞIYEV