Məlum olduğu kimi, Azərbaycanda yaş məhdudiyyəti qoyulan sosial şəbəkələrin qaydalarını pozanlara yeni cərimələr tətbiq olunacaq. Milli Məclisin komitələri iyunun 8-də bununla bağlı qanun layihəsini müzakirə edib. Burada xeyli cərimələr də müəyyən edilib. Məsələn, məlumatı dövlətə vaxtında verməyən və ya onu təhrif edən vəzifəli şəxslər 6000-7000 manat, şirkətlər isə 15-20 min manat cərimələnəcək. Dövlətin sorğusuna 5 iş günü ərzində cavab verməyən vəzifəli şəxslər 7000-8000 manat, şirkətlər 25-30 min manat ödəyəcək. Yaş məhdudiyyəti qaydalarını pozan vəzifəli şəxslər 8000-9000 manat, şirkətlər 35-40 min manat cərimə olunacaq.
Yaş məhdudiyyətinin necə olacağı da maraqlıdır. 16 yaş qadağası: 16 yaşı tamam olmamış uşaqlara sosial şəbəkələrdə fərdi hesab (profil) açmaq qadağan olunacaq. 16-18 yaş qrupu: 16-18 yaşlılar üçün daha yumşaq, amma xüsusi nəzarətli qeydiyyat qaydaları tətbiq ediləcək. Platformaların siyahısı: Sərt qaydaların hansı sosial şəbəkələrə şamil olunacağını müvafiq dövlət qurumu müəyyənləşdirəcək.
Xatırladaq ki, hələ bu ilin fevralında prezident İlham Əliyev uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sənəddə Nazirlər Kabinetinə tapşırılır ki, beynəlxalq təcrübə nəzərə alınmaqla, sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqi ilə bağlı normativ hüquqi aktların layihələrini üç aya hazırlayıb ona təqdim etsinlər. Eləcə də, məktəbəhazırlıq qruplarında, ümumi təhsil müəssisələrində mobil, elektron cihazlardan istifadəyə dair qaydaların müəyyən edilməsi və tətbiqi ilə bağlı tədbirlər görülməsi tapşırılır. Belə hal dünyada getdikcə yayılır. Məsələn, ötən il dekabrın 10-da Avstraliya yaşı 16-dan az olanların sosial mediadan istifadəsini qadağan edib. Bir çox valideynlər və uşaq hüquqları fəalları bu addımı alqışlayıb, böyük texnologiya şirkətləri isə tənqid ediblər. Ardınca Böyük Britaniya da, Avstraliya kimi, uşaqlar üçün sosial media qadağasını nəzərdən keçirir. Hökumət sosial media qadağasının uşaqlar üçün effektiv olub-olmayacağını araşdıracağını bildirib.
Ramil QULİYEV