Arzuxan Əlizadə: “...Bu ölkə Hindistandır”
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Beyin Mərkəzlərinin Forumunun birinci günündə (2026 SCO Think Tank Forum) plenar sessiyada çıxışı zamanı bildirib ki, Azərbaycanın tərəfdaş statusunu yüksəltmək istəyi bir üzv dövlət tərəfindən bloklanır.
Azərbaycanı bloklayan hansı ölkədir?
Millət vəkili Arzuxan Əlizadə baki-xeber.com-a bildirdi ki, F.Şəfiyev Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına qəbulunun bir ölkə tərəfindən bloklandığını deyib, amma ad çəkməyib.
“O, bu ölkənin adı çəkməyib. Ehtimal etmək olar ki, bu ölkə Hindistandır. Hindistanın bu məsələdə Azərbaycanın ŞƏT-də iştirakını bloklaması birmənalı olaraq Ermənistanla yaxın münasibətlərindən, Ermənistana silah satışı və digər məsələlərdən qaynaqlanan amil kimi qəbul edilə bilər. Amma istənilən halda da rəsmi olaraq ölkə adı çəkilmədiyinə görə biz yalnız ehtimalla danışa bilirik. Fərid Şəfiyev eyni zamanda qeyd edibdir ki, məlum olduğu kimi, ŞƏT-ə qəbul konsensus əsasında reallaşa bilir. Təbii ki, konsensus demokratik bir formuldur və orada təmsil olunan ölkələrin maraqlarını baxımından düzgün yanaşma kimi qəbul edilə bilər. Amma istənilən halda gələcəkdə bu təşkilatın üzvlərinin sayı artdıqca, təbii ki, hər birinin öz dövlət maraqları kontekstindən məsələyə yanaşsaq, “qərarların qəbulunda problemlər yarana bilər” fikri də dominantlıq təşkil edir. Bu baxımdan hansısa formul qəbul edilməlidir ki, gələcəkdə təşkilatın işinə daha böyük fayda verə biləcək ölkələrin təşkilata qəbulu məsələsində ən azından uzunmüddətli bloklanmadan istifadə edilməsin”.
A.Əlizadənin sözlərinə görə, bu baxımdan Azərbaycanın çox vektorlu xarici siyasəti, təbii ki, ölkəmizin bu təşkilatda təmsilçiliyini də özündə ehtiva edir və təşkilata gələcəkdə verə biləcəyi töhfələr də kifayət qədər çoxdur. Hesab edirəm ki, bunu da təşkilat üzvləri gələcəkdə nəzərə alacaqlar. Bu da bloklanmanın qarşısı da alınacaq və Azərbaycanın təşkilatın tamhüququlu üzvü olaraq da fəaliyyət göstərəcəyi qənaətindəyəm”-deyə A.Əlizadə vurğuladı.
İradə SARIYEVA