Ermənistanda keçirilən parlament seçkilərinin qeyri-rəsmi ilkin nəticələrinə görə, seçkilərdə Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası liderlik edir. Artıq qələbəsini elan edən Paşinyan ilk açıqlamasında Azərbaycan və Türkiyə ilə bağlı diqqət çəkən mesajlar verib.
Mətbuat konfransında “Türkiyə və Azərbaycan xalqına mesajınız nədir?” sualına cavab olaraq Paşinyan “Bu mesaj sülhə və regional rifaha, regional əməkdaşlığa həsr olunub. Ümid edirəm ki, bu, həm Türkiyə, həm də Azərbaycan tərəfindən müsbət qarşılanacaq” deyərək, Ermənistanla Azərbaycan arasında sülhün qurulmasının vacibliyini bildirib.
Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamağın və Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək "Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu" (TRIPP) layihəsinə ən qısa zamanda başlamağın vacibliyini vurğulayıb: "Bu layihə bölgəmizin çətin vəziyyətini aradan qaldırmaq deməkdir. Bu, çox böyük xəbərdir, çünki bölgəmiz çıxılmaz vəziyyətdən ayrılaraq, bir yol ayrıcına gəlir. Bu, hamımız üçün çox yaxşı xəbərdir".
Paşinyan Türkiyə və Ermənistanın "çox yaxşı bir dinamika əldə etdiyini" bildirib və əlavə edib ki, "son nəticəni əldə etmək üçün bu dinamikanı qoruyub saxlamalıyıq".
Paşinyan Türkiyə ilə sərhədlərin açılmasının və diplomatik münasibətlərin qurulmasının vacibliyinə diqqət çəkərək, Ermənistan mallarının ixracı və idxalı üçün "Axalkalaki-Qars dəmir yolu"nun açılması qərarından məmnunluğunu ifadə edib.
Tahir TAĞIYEV