ABŞ-ın Sünik dəhlizinə marağı İranı mühasirəyə almaq istəyindən irəli gəlir və Ermənistanın da bu ssenaridə xüsusi rolu var.
Rusiya Dövlət Dumasının MDB İşləri üzrə Komitəsinin sədri və Rusiya MDB Ölkələri İnstitutunun direktoru Konstantin Zatulin bu fikri Moskvadakı Erməni Apostol Kilsəsində keçirilən Lazarev Klubunun iclası çərçivəsində "Sputnik Armenia"ya verdiyi müsahibədə bildirib.
Zatulin qeyd edib ki, Donald Trampın və ya vitse-prezident Vensin bu vəziyyətdə Ermənistan və Azərbaycana olan marağı, "Tramp dəhlizi" kimi müxtəlif ximerik layihələri təşviq etmək istəyi İranı bu istiqamətdən həqiqətən təhdid etmək istəyi ilə bağlıdır: "Əlbəttə ki, nəticə ilk növbədə Ermənistanın müstəqilliyi dövründə etibar etdiyi İranla bütün əlaqələrin kəsilməsi olacaq. Bu, İsrail və ABŞ-ın hücumlarına məruz qalan və Ermənistanın da rol oynaması nəzərdə tutulan İranı mühasirəyə almaq cəhdidir".
Onun fikrincə, bu, Ermənistanı, hər şeydən əvvəl, Azərbaycan və Türkiyənin davranışlarından tamamilə asılı vəziyyətə salacaq. Və heç bir Fransa və ya digər Aİ ölkəsi faktiki olaraq bura müdaxilə etməyəcək.
Tahir TAĞIYEV