Rəsul Cahangirli: “Tramp açıq şəkildə bu siyasətə qarşı çıxdı və bəyan etdi ki, dünya qazıntı yanacağı olmadan keçinə bilməz”
Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı Trampa təşəkkür edib və bunu belə əsaslandırıb:
“Enerji məsələsini yenidən normal məcraya qaytardığına görə Prezident Trampa daha bir təşəkkür düşür. Hamımız bilirik ki, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlərə damğa vurulurdu, bəzən qarayaxma obyektinə çevrilirdilər, planetin dağıdılmasında ittiham olunurdular. Hər hansı əsas olmadan, ictimai rəylə küncə sıxışdırılırdılar. Prezident Tramp bu trendi dəyişdi və bu, həqiqətən əla hadisə oldu, çünki hamımız bilirik ki, hətta bəzi iri neft şirkətləri dırnaqarası müasir trendə uyğun olmaq xatirinə öz adlarını dəyişirdilər”.
Maraqlıdır, enerji məsələsini yenidən normal məcraya qaytarmaq nə deməkdir?
Sözügedən məsələyə aydınlıq gətirən ekspert Rəsul Cahangirli baki-xeber.com-a açıqlamasında bildirdi ki, bir müddət alternativ enerji ilə bağlı həddən ziyadə şişirdilmiş kampaniya aparıldı: “Guya yaxın perspektivdə nefti-qazı “yaşıl enerji” ilə əvəz etmək olacaq. Bu minvalla ekologiya xilas ediləcək və s. Hətta bu yöndə aparılan kampaniya ona gətirib çıxardı ki, bir sıra aparıcı maliyyə qurumları neft-qaz hasilatı ilə bağlı layihələrə kredit verilməsini dayandırdı. Adını da belə qoydular ki, ekologiyaya zərər vuran layihələrə kredit verilməyəcək. Tramp prezident olandan sonra açıq şəkildə bu siyasətə qarşı çıxdı və bəyan etdi ki, dünya qazıntı yanacağı olmadan keçinə bilməz. Alternativ enerji mənbələri hələ ki, nefti, qazı, daş kömürü, atom elektrik stansiyalarını əvəz etmək gücündə deyil. Məhz bundan sonra böyük neft şirkətlərinin bu yöndə fəallığı artmağa başladı. Ən ekstrimal iqlimə malik olan ərazilərdə belə, qazıntı yanacaqlarının hasilatı, orada bununla bağlı tədqiqat işlərinin aparılması gündəmə gəldi. Dünya gördü ki, ənənəvi enerji resursları olmadan keçinmək mümkün olmayacaq. Hesab edirəm ki, Prezident Əliyev Trampa təşəkkür edərkən bunları nəzərdə tutub”.
Vidadi ORDAHALLI