Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxs yaradılıb.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmanla müəyyən edilib ki, Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsini, həmçinin dayanıqlılığın artırılmasını, o cümlədən informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, informasiya infrastrukturlarının kibertəhlükəsizliyinin pozulmasına yönəldilmiş hərəkətləri aşkarlamaq, araşdırmaq və qarşısını almaq üçün preventiv tədbirlərin görülməsini, mövcud və yarana biləcək kibertəhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, dövlət və qeyri-dövlət qurumlarının kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki dəstək göstərilməsini təmin edən, habelə yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatlarında yerləşdirilməsinə qarşı tədbirlər görən və fərdi məlumatların mühafizəsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr və onun 3 müavinindən ibarət İdarə Heyəti yaradılır.
Fərmana əsasən, nazirlik Agentliyin dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görməli, bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.