“Rosselxoznadzor” aşkar edilmiş pozuntulara istinadən bildirir ki, iyunun 2-dən etibarən Ermənistandan çəyirdəkli meyvələrin (albalı, ərik, gavalı, şaftalı, nektarin) və təzə üzümün idxalına, eləcə də bu məhsulların AİB üzv dövlətlərinə tranzitinə müvəqqəti məhdudiyyətlər tətbiq olunur. Qeyd edək ki, Ermənistan parlament seçkilərindən əvvəl Rusiya keyfiyyət uyğunsuzluqlarını əsas gətirərək bir sıra Ermənistan mallarının bazara girişini məhdudlaşdırıb. Son günlərdə Moskva həmçinin Ermənistan içkilərinin, çiçəklərinin, meyvə və tərəvəzlərinin idxalına bir sıra məhdudiyyətlər tətbiq edib.
Ötən şənbə günü Moskva Ermənistandakı səfirini "məsləhətləşmələr" üçün geri çağırdı, eyni zamanda Kreml Ermənistanın Aİ ilə yaxınlaşmasını tənqid etdi və Aİ ilə AİB arasında qərar vermək üçün mümkün qədər tez referendum keçirilməsinə çağırdı. İqtisadi sanksiyalar və təhdidlər fonunda prezident Vladimir Putin şəxsən Ermənistanda referendum keçirilməsinin zəruriliyindən danışarkən, baş nazir Paşinyan bir daha Ermənistanın Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanla birlikdə Avrasiya İqtisadi Birliyində qalacağına əminlik verdi: "Avrasiya İqtisadi Brliyində sakit, dinc, əsəbsiz, mübahisəsiz işləməyə davam edəcəyik. Əminəm ki, bu istiqamətdə hələ də potensialımız var və yaxın gələcəkdə bundan istifadə edəcəyik".
Belə bir vaxtda Avropa İttifaqı Rusiyanın Ermənistana təzyiq göstərmək cəhdlərini pisləyir. Aİ-nin sözçüsü Ənvər Əl-Annuni bildirib: "Suveren, demokratik və müstəqil bir ölkə olaraq, Ermənistanın öz yolunu və tərəfdaşlarını seçmək hüququ var. Rusiya Ermənistan iqtisadiyyatına zərər vurmaq və Ermənistandakı parlament seçkilərinin nəticələrinə təsir göstərmək məqsədi daşıyır". O əlavə edib ki, Brüssel bu cür məcburetmə cəhdlərinin öhdəsindən gəlməkdə Ermənistanı dəstəkləməyə davam edəcək.
Tahir TAĞIYEV