Əli Orucov: "Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 7 milyard dollardır - bunların alternativi kimi Aİ-nin olması mümkün deyil"
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı ilə yaxınlaşma və ölkənin xarici siyasət modelinə dair açıqlama verib. O bildirib ki, Ermənistan hazırda Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət etməyib və bu mövzuda danışılanlar hələlik daha çox nəzəri xarakter daşıyır.
Paşinyanın sözlərinə görə, bu mərhələdə belə bir strateji seçimi ümumxalq referendumuna çıxarmaq məqsədəuyğun hesab edilmir. Hökumət hazırda mövcud xətt üzrə balanslı xarici siyasəti davam etdirməyi və əsasən Avrasiya İqtisadi İttifaqı çərçivəsində işləməyə davam etməyi planlaşdırır.
O həmçinin vurğulayıb ki, Ermənistanın Rusiya və digər tərəfdaşlarla münasibətləri transformasiya dövründədir və bu prosesin idarə olunması ehtiyatlı şəkildə aparılır. Ümumilikdə, ölkə həm Rusiya ilə iqtisadi əməkdaşlığı qorumağa, həm də Qərb istiqamətində əlaqələri inkişaf etdirməyə çalışır.
Yəni Paşinyan Putinin və Aİİ-nin referendum keçirmık çağırışını rədd etdi. Perspektivdə bu məsələ ilə bağlı nələr gözlənilir? Rusiya hansı addımları ata bilər?
Bu arada Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədri müavini Dmitri Medvedev bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan Avropa İttifaqına dəvət olunana qədər Avrasiya İqtisadi İttifaqının (Aİİ) güzəştlərindən istifadə etməyə və Rusiya ilə digər üzv dövlətlər hesabına qazanc əldə etməyə davam etmək istəyir.
Medvedev Paşinyanın Aİİ, yoxsa Aİ üzvlüyü ilə bağlı referendum keçirilməsi çağırışına verdiyi cavabı Lev Trotskinin "nə müharibə, nə sülh, ordusu isə dağıdılsın" formulası ilə müqayisə edib.
O, "Maks" platformasında yazdığı istehza dolu paylaşımda Paşinyanın mövqeyini belə xarakterizə edib: Aİ-yə dəvət olunana qədər referendum vasitəsilə heç nə həll etməyəcəklər, dəvət gəldikdən sonra isə Avropaya tərəf qaçacaqlar; bu vaxta qədər isə Aİİ-nin bütün güzəştlərindən istifadə edəcək, Rusiya və Aİİ ölkələri hesabına qazanc əldə edəcəklər.
Politoloq Əli Orucov "Bakı-Xəbər" qəzetinə verdiyi açıqlamasında qeyd etdi ki, Paşinyan Ermənistanı Qərbə doğru aparmağın ciddi itkilər hesabına başa gələcəyini dərk edərək Moskva ilə açıq konfrontasiyadan qaçmağa çalışır. Baş nazir seçki dönəmində üzərindəki artan təzyiqləri hiss etməkdədir.
Politoloq vurğuladı ki, Kreml son dönəmlərdə iqtisadi sahədə də sərt addımlar atmağa davam edir: "Aİİ-nin Qazaxıstanda keçirilən son toplantısında Belarus, Rusiya, Qırğızıstan və Qazaxıstan liderlərinin Ermənistandan referendum tələb etməsi İrəvanın manevr imkanlarını xeyli daraldıb".
Orucovun fikrincə, qlobal siyasətdə cəbhələşmələrin getdikcə aydınlaşması fonunda bir-birinə antaqonist olan təşkilat və ölkələrlə eyni anda sıx müttəfiq münasibətləri saxlamaq artıq mümkün deyil: "Paşinyan bunu etiraf etməsə də, Qərbə inteqrasiya istiqamətində addımlar atılır, hüquqi bazalar yaradılır, birgə strateji sənədlər qəbul edilir - lakin bütün bunlar Kremli qıcıqlandırmamaq üçün səssiz-küysüz həyata keçirilir".
Digər mühüm əngəl kimi politoloq Ermənistanın qonşuları - Azərbaycan və Türkiyə ilə hələ də diplomatik münasibətlər qura bilməməsini göstərdi. Bu vəziyyətin özü Ermənistanın Qərbə inteqrasiyasını faktiki olaraq bloklamaqdadır.
Əli Orucov hesab edir ki, Aİİ tərəfindən Ermənistana yönəldilən referendum tələbi başqa bir dövlətin suverenliyini açıq şəkildə tapdalayan bir müdaxilədir. "Ermənistan özü özünü bu vəziyyətə salıb" - deyə politoloq qeyd etdi.
Dəniz NƏSİRLİ