Firdovsi Şahbazov: “Dəhliz sayəsində sərmayə qoyuluşu artacaq, tranzit daşımalardan böyük gəlirlər əldə ediləcək”
“Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinin mərkəzi elementinə çevrilməkdədir. Bunu Ermənistan baş naziri Nikol Paşinyan "Avropa Siyasi Birliyi"nin İrəvanda keçirilən 8-ci sammitində bildirib.
“Bu layihə regional kommunikasiyaların blokdan çıxarılması və Şərqdən Qərbə, eləcə də Cənubdan Şimala yeni beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması yolu ilə dayanıqlı sülhə töhfə verəcək”,- deyə baş nazir qeyd edib.
Paşinyan onu da vurğulayıb ki, TRIPP sülh prosesinin təkcə siyasi deyil, həm də iqtisadi dayağına çevriləcək. Onun fikrincə, TRIPP-in qlobal təchizat zəncirlərini əhəmiyyətli dərəcədə möhkəmləndirəcəyi və regional qarşılıqlı əlaqəliliyi genişləndirəcəyi gözlənilir.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, Zəngəzur dəhlizi Ermənistan kimi ölkənin iqtisadi inkişafında mühüm rol oynaya bilər: “Məsələ ondadır ki, Ermənistanın həm dənizə çıxışı yoxdur, həm də əhalisi azdır. Yerləşdiyi coğrafi vəziyyətdən istifadə edərək bütün yolları və kommunikasiyaları açmalıdırlar. Çünki Zəngəzur dəhlizi sayəsində Ermənistana həm sərmayə qoyuluşu artacaq, həm də tranzit daşımalardan böyük gəlirlər qazanacaqlar. Çünki gedən geosiyasi proseslər göstərir ki, Şərqlə Qərb arasında daşımalarda Cənubi Qafqazın rolu daha da artacaq. İranla bağlı vəziyyət yoluna düşsə belə, Rusiya-Ukrayna müharibəsi dayansa belə, regionumuzun tranzit daşımalarla bağlı rolu azalmayacaq. Ona görə ki, tranzit marşrutları içərisində Orta Dəhliz məsafə baxımından daha əlverişlidir. Dəhlizin keçdiyi ölkələr daha sabitdir və təhlükəsizliyin təmin edilməsinə xüsusi önəm verilir. Ən başlıcası isə, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə baş verən qarşıdurmalar sübut etdi ki, etibarlı alternativ marşrutlar olmasa, dünya iqtisadiyyatı ciddi sarsıntılarla üzləşə bilər. Bu baxımdan hesab edirəm ki, ABŞ və Avropa İttifaqı Orta Dəhlizə xüsusi önəm verəcək. Məsələnin digər iqtisadi tərəfi onunla bağlıdır ki, ABŞ və Avroittifaqın timsalında hər keçən gün Mərkəzi Asiyanın nadir metallarına, digər təbii resurslarına maraq artır. Bu, hətta böyük dövlətlər arasında rəqabəti belə gücləndirir. Bütün bunlardan çıxış edərək hesab edirəm ki, Orta Dəhlizin qolu olan Zəngəzur dəhlizi regionda həm iqtisadi inkişafı stimullaşdıracaq, həm də dayanıqlı sabitliyin təmin edilməsinə öz töhfəsini verəcək”.
Vidadi ORDAHALLI