ABŞ prezidenti Donald Tramp ABŞ-ın Venesuelaya tammiqyaslı hərbi hücumu uğurla həyata keçirdiyini açıqlayıb. Tramp hücumun Venesuela prezidenti Maduronu da hədəf aldığını və onun və həyat yoldaşının ölkədən çıxarıldığını bildirib.
Trampın paylaşdığı açıqlamada əməliyyatın ABŞ güc orqanları ilə koordinasiyalı şəkildə həyata keçirildiyi bildirilir. Hücumun genişmiqyaslı və birbaşa Venesuela hökumətini hədəf aldığını bildirib: "Amerika Birləşmiş Ştatları Venesuela və onun lideri prezident Nikolas Maduroya qarşı genişmiqyaslı əməliyyat keçirərək Maduro və həyat yoldaşını ələ keçirib ölkədən çıxarmağı bacardı. Bu əməliyyat ABŞ-ın güc orqanları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Təfərrüatlar daha sonra açıqlanacaq".
Tramp günün sonunda Floridadakı Mar-a-Laqoda mətbuat konfransı keçirəcəyini və əməliyyatın təfərrüatlarını orada paylaşacağını bildirib.
Bu arada, Venesuela vitse-prezidenti Delsi Rodrigezin sağ-salamat olduğu bildirilir. Venesuelanın müdafiə naziri də sağ olduğunu və vəzifəsinin başında olduğunu açıqlayıb: "Danışıqlara getməyəcəyik, təslim olmayacağıq və sonda qalib gələcəyik".
Xatırladaq ki, ABŞ ordusu gecə saatlarında Venesuelanın müxtəlif yerlərində, əsasən paytaxt Karakasa hava hücumları təşkil edib. Partlayışlar gecə boyu davam edib və şəhərin hər yerində hiss olunub. Xəbərlərdə hücumların hərbi və strateji yerləri hədəf aldığı bildirilir.
Venesuela Milli Assambleyasının üzvü Xuan Romero bildirib ki, ABŞ Karakas, Quaydo və Mirandada hərbi obyektlərə hücumlar təşkil edib. Səhər saatlarında Karakasda həyatın normala döndüyünü deyən Romero, polis və əsgərlərin öz işlərinin başında olduğunu bildirib: "Hücumdan sonra ölkədə vəziyyət tamamilə normaldır. ABŞ-ın iğtişaş yaratmaq cəhdi uğursuz olub. Prezident Nikolas Maduro Müdafiə Nazirliyi ilə birgə işləyir və bütün dövlət qurumları fəaliyyətini davam etdirir".
Tahir TAĞIYEV