Azad Vətən Partiyasının sədri Akif Nağı öz Facebook səhifəsində İranda etiraz aksiyaları ilə bağlı maraqlı paylaşım edib.
Paylaşımı olduğu kimi təqdim edirik:
İranda etiraz aksiyaları genişlənir, müxtəlif şüar və tələblər səsləndirilir. 1925-ci ildə türk Qacarları devirib, fars Pəhləviləri hakimiyyətə gətirənlər, əsasən ingilislər, indi də yenidən Pəhləviləri qaytarmaq istəyirlər. Pəhləvilər o qədər cinayət törədiblər ki, geriyə qayıtmağa haqları yoxdur. Ümumiyyətlə, dünya şahlıq, krallıq rejimlərindən artıq imtina edib. İstisna hal kimi orada şahlıq bərpa olunarsa, onda hakimiyyətə qayıtmalı olan qüvvə Qacarlar olmalıdır. Onlar hakimiyyətdən zorla devrildilər, sonuncu nümayəndələri Əhməd şah ölkəni 1923-cü ildə tərk etdi, amma taxt-tacdan imtina etmədi. Onun devrildiyini, Rza xanın şah seçildiyini ölkə parlamenti 1925-ci ildə elan etdi. Parlamentin kimisə şahlıqdan salmağa, kimisə seçməyə səlahiyyəti yox idi. Pəhləvilər hakimiyyətə qeyri-qanuni, çevriliş yolu ilə gəlmişdi, indi hakimiyyətə qayıtmağa da haqları yoxdur. Əhməd şah və onun varisləri bu günə qədər şahlığa qanuni hüquqlarını saxlayırlar. Qacarların nümayəndəsi Məhəmməd Müsəddiq 1951-1953-cü illərdə Pəhləviləri devirməyə cəhd göstərdi, Məhəmməd Rza şahı ölkədən qovdu, amma ingilis və amerikanlar onu yenidən hakimiyyətə qaytardılar.
İndiki vəziyyətdə real görünən şahlığın bərpa edilməsi deyil, hakimiyyətin xarakterinin dəyişdirilməsidir. İran İslam inqilabı dövründə azərbaycanlı lider Şəriətmədarinin təklif etdiyi variantla dünyəvi dövlətə çevrilməli, buna uyğun siyasi sistem formalaşdırılmalıdır. Bu prosesə Pezeşkian rəhbərlik etməlidir. Bütün mütərəqqi qüvvələr, o cümlədən Azərbaycanlılar onun ətrafında birləşməlidirlər. Xarici qüvvələrin ölkədə gedən proseslərə təsir etmələrinə, idarə etmələrinə imkan verilməməlidir. Baş verəcək dəyişiklik nəticəsində ölkənin 1925-ci ildə itirilmiş dördmin illik Azərbaycan xarakteri özünə qaytarılmalıdır. İlk addım olaraq, Azərbaycan dili dövlət dili elan olunmalıdır. Səttarxan, Şeyx Məhəmməd Xiyabani, Pişəvəri "Təbriz bütün İrana azadlıq gətirəcəkdir!" şüarı, tələbi ilə mübarizə aparırdılar. İndi hər kəs üçün aydın olmalıdır ki , İranı azərbaycanlılar xilas edəcəkdir. İnşallah, belə də olacaq, qonşuluğumuzda azərbaycanlıların hakim olduğu, bütün millətlərin birgə və xoş münasibətlərlə yaşadıqları müasir bir dövlət yaranacaqdır.
TAHİR