Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərinin geri qaytarılması məsələsini gündəmə gətirdiyi iddia edilir. Məlumata görə, Türkiyə prezidenti Ərdoğan bu təklifi ötən həftə Aşqabadda keçirilən görüşdə Rusiya prezidenti Putinə çatdırıb.
“Bloomberg” anonim mənbələrə istinadən bildirib ki, Türkiyə 2017-ci ildə 2,5 milyard dollara aldığı S-400 sistemlərini geri qaytarmağı rəsmi olaraq Rusiyaya təklif edib. Agentlik Türkiyə və Rusiya rəsmiləri arasında əvvəllər də oxşar müzakirələrin aparıldığını iddia edir.
Qeyd edilir ki, Ankaranın bu addımı Vaşinqtonla gərgin münasibətlərini bərpa etmək və normallaşdırmaq məqsədi ilə atılıb. Mənbələr bildiriblər ki, S-400-lərdən imtina etməyin ən böyük hədəfi ABŞ-ın Türkiyə müdafiə sənayesinə qarşı sanksiyalarını (CAATSA) ləğv etməsi və Türkiyənin F-35 proqramına geri qaytarılması məsələsidir.
Bu ehtimalı gücləndirən digər bir hadisə, bir türk diplomatının Amerika sanksiyalarının gələn il ləğv edilə biləcəyini bildirməsidir. Mənbələr bildirib ki, Türkiyə S-400-lər üçün ödənilən pulun geri qaytarılmasını tələb edir, lakin bu maliyyə narahatlığı NATO müttəfiqləri ilə münasibətlərdə əldə ediləcək diplomatik qazanclarla müqayisədə ikinci dərəcəli hesab olunur.
“Bloomberg”in iddialarına cavab olaraq Kremlin sözçüsü Dmitri Peskov xəbəri qəti şəkildə təkzib edərək deyib ki, belə bir tələb irəli sürülməyib. Peskov S-400 məsələsinin müzakirə olunmadığını bildirib.
S-400 məsələsi Türkiyə ilə ABŞ arasında ən böyük hərbi-diplomatik böhranın mərkəzində dayanır. Türkiyəyə çatdırılmasına baxmayaraq, sistemlər aktiv şəkildə istifadə edilməyib və ABŞ-ın təzyiqi səbəbindən anbarlarda saxlanır.
Rusiya tərəfi isə vurğulayır ki, müqaviləyə əsasən, Türkiyə S-400 sistemlərini üçüncü bir ölkəyə sata bilməz və belə bir addım mütləq Moskvanın təsdiqini tələb edir. Bu, sistemlərin başqa bir ölkəyə qaytarılması və ya köçürülməsi ilə bağlı texniki və hüquqi çətinliklərə işarə edir.
Məsələ Türkiyənin Qərb və Şərq arasında balanslaşdırma siyasətində ən həssas mövzulardan biri olaraq qalır. Belə görünür ki, həll yolu təkcə Ankara ilə Vaşinqton arasındakı siyasi iradədən deyil, həm də Moskvanın reaksiyasından və yarana biləcək hüquqi və maliyyə məsələlərindən asılıdır.
TAHİR